Bu Hesabat Seçkilərin Monitorinqi və DemokratiyanınTədrisi Mərkəzi (SMDT) tərəfindən Azərbaycanda insan hüquqlarının vəziyyətinin təkmilləşdirilməsi və qiymətləndirilməsi məqsədilə hazırlanıb.

Hesabata 2017-ci ilin aprel-iyun ayları ərzində 9 kateqoriya üzrə qruplaşdırılmış 102 hüquq pozuntusu daxil edilib. Hüquq pozuntularına dair məlumatlar medianın monitorinqi və vətəndaşlardan daxil olmuş şikayətlər əsasında toplanaraq dəqiqləşdirilib.
Hesabata cəmi 17 bölgədən məlumatlar daxil olub və əhalisi daha çox olan Bakı və Gəncə ilə yanaşı Göyçay və Beyləqandan daha çox şikayət qəbul edilib.
İkinci rüb ərzində monitorinq edilmiş hüquq pozuntularının əsas trendləri aşağıdakı kimidir:
– Sosial-iqtisadi hüquq pozuntularına dair şikayətlər əvvəlki rüblərdə olduğu kimi 2017-ci ilin ikinci rübü ərzində də üstünlük təşkil edir. Bu sahədə əsas müşahidə edilən problem şəxslərin sosial təminat hüququnun yerli icra hakimiyyəti orqanları tərəfindən pozulması və yerli icra hakimiyyəti orqanları tərəfindən yol verilən digər pozuntulardır;
– İfadə azadlığının pozulmasına dair hallar ikinci rüb ərzində xeyli artmışdır. İfadə azadlığının pozuntuları sırasında əsas yeri siyasi motivli cinayət təqiblərinə dair işlər, siyasi motivli inzibati xəta haqqında işlər, ölkənin əsas müstəqil internet saytlarının bloklanmasına dair məhkəmə işi təşkil edir;
– Ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu diqqət çəkən və davam edən digər pozuntudur. Buraya xüsusilə siyasi motivli təqiblər üzrə keçirilən məhkəmə iclaslarında baş vermiş hüquq pozuntuları və şəxslərin mülki işləri üzrə məhkəmələr tərəfindən yol verilmiş pozuntular aiddir;
– Mülkiyyət hüququnun təmin edilməməsi digər davam edən pozuntu trendidir. Bu pozuntulara Bakı şəhərində və digər yerlərdə davam edən evlərin söküntüləri və bu çərçivədə şəxslərin evlərindən çıxarılmaları aiddir. Bundan əlavə regionlarda fermer, kiçik və orta sahibkarların hüquqlarının yerli məmurlar tərəfindən pozulması halları müşahidə edilib.

Ətraflı məlumat üçün , zəhmət olmasa, sənədi yükləyin.