Siyasi məhbusların yenilənmiş vahid siyahısına 147 nəfərin adı daxil edilib

Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup növbəti toplantısında həm Qrup üzvlərinin öz təşəbbüsü ilə, həm də 2017-cı ilin aprel ayının əvvəllərinə qədər daxil olan müraciətləri araşdıraraq siyahının yenilənmiş variantını aprelin 10-da ictimaiyyətə təqdim edib.

Gozetci.az portalı Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupa istinadən verdiyi məlumatına görə, siyahıda İşçi Qrupun apardığı araşdırmalar nəticəsində cinayət təqibində siyasi motivlərin olduğu müəyyən olunan Siyasi məhbuslar bölməsindəki şəxslərin sayı, 97-si inanclı fəal, 11-i siyasi və ictimai fəal, 11-i sosial etirazlarla bağlı həbs olunan, 10-u Səid Dadaşbəylinin qrupuna daxil olan, 7-si jurnalist və blogger, 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunan, 3-ü siyasi girov, 2-si şair və yazar, 2-si keçmiş məmur, 1-i hüquq müdafiəçisi olmaqla 147 nəfərdir.

Həbslərinin siyasi motivli olması barədə ehtimalların olmasına baxmayaraq, əlavə məlumatlara və araşdırmalara ehtiyac olduğu üçün İşçi Qrup 6 məhbusun adını İşləri monitorinq altında olanlar bölməsinə daxil edib.

İşçi Qrupun öncə siyasi məhbus kimi tanıdığı və ölkə Prezidentinin mart ayında imzaladığı əfv sərəncamına əsasən azadlığa buraxılmış 4 (siyasi fəal Elvin Abdullayev, bloger Əbdül Əbilov, jurnalist Qənimət Zahidin qohumları Rüfət Zahidov və Rövşən Zahidovlar), cəzaları bitdiyi üçün 3 (Prezident Qvardiyasının keçmiş əməkdaşı Asif Lətifov, jurnalist Araz Quliyevlə birgə həbs edilən inanclı fəallar Nicat Əliyev və Namiq Kişiyev), səhhətinə görə məhkəmə qərarı ilə 1 (siyasi fəal  Zeynalabdin Bağırzadə) məhbus olmaqla 8 nəfərin adı isə yenilənmiş Siyahıdan çıxarılıb.

İşçi Qrup siyahı üzərində işi davam etdirəcək və növbəti yenilənmə barədə ictimaiyyəti məlumatlandıracaq.

Siyasi Məhbusların Vahid Siyahısının hazırlanmasında məqsəd siyasi motivlərlə həbs olunmuş şəxslər barədə ümumi ictimai mövqenin ortaya qoyulması, bununla da onların azad edilməsi üçün ölkə daxilində və beynəlxalq qurumlarda səyləri artırmaqdır.

Yenilənmiş Siyahı İşçi Qrupuna kütləvi informasiya vasitələrindən, ictimai və siyasi təşkilatlardan, həbs olunan şəxslərin vəkillərindən və yaxınlarından daxil olan məlumatlar və sənədlər,məhkəmə proseslərinin monitorinqi əsasında aparılan araşdırmaların yekunu olaraq tərtib edilib. Həbsin siyasi motivli olması həbs barədə məhkəmə qərarlarından, o cümlədən hüquq-mühafizə orqanlarının bəyanatlarından, dövlət rəsmilərinin çıxışlarından aşkar göründüyü halda, İşçi Qrupun mahiyyət üzrə məhkəmə qərarlarını gözləmədən də şəxsin siyasi məhbus sayılması barədə qərar qəbul etdiyi hallar da olur.

Qrup ölkədəki siyasi məhbusların sayının süni olaraq şişirdilməsi barədə irad və ittihamları qəbul etmir və bir daha vurğulayır ki, bütün hallarda şəxsin siyasi məhbus sayılması barədə qərar verərəkən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il 1900 saylı Qətnaməsində qeyd edilən meyarlara əsaslanır. İradlar varsa da, onlar siyahı müəlliflərinə yox, baxışlarına görə insanları həbsə atan hakimiyyətə yönəlməlidir. Qrup həmçinin təəssüflə vurğulamağı vacib sayır ki, ölkədə siyasi məhbusların sayının qat-qat çox olduğu fikrini bölüşür.

İşçi Qrup Siyahı üzərində iş zamanı onunla əməkdaşlıq edən bütün şəxslərə, xüsusilə də son dövrlərin siyasi proseslərinin yükünü öz çiyinlərinə almış dəyərli vəkillərimizə xüsusi minnətdarlığını bildirir.

 

Tam siyahıya buradan daxil ola bilərsiniz:

Vahid-Siyasi-Məhbus-Siyahısı-10.04.2017