SMDT Bakıda növbəti Vətəndaş Forumu keçirib

Oktyabrın 2 – də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş  İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində Bakıda növbəti Vətəndaş Forumu keçirib. Forumlarda  siyasi partiyalar, QHT, KİV nümayəndələri, tələbələr, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər.

Forum zamanı SMDT tərəfindən Respublika üzrə keçirilmiş “Azərbaycanda Seçici Baxışları İctimai Rəy Sorğusunun nəticələri” barədə SMDT – nin regionlarla iş üzrə meneceri Cavid Nəbiyev təqdimat keçirib. Təqdimat zamanı tədbir iştirakçıları əldə olunan statistik göstəricilərə öz münasibətlərini bildiriblər. Azərbaycan Əlillər Cəmiyyətinin Yasamal rayon təşkilatının sədri Təranə Musayeva seçki aktivliyi və dövlət orqanlarına inam barəsində bildirib ki: “Ölkədə heç bir şəffaf seçkidən söz gedə bilməz. Bunun nəticəsində Azərbaycanda seçici fəallığı çox aşağı vəziyyətdədir və insanların seçkiyə inamı azalıb. Hətta mən özüm belə seçkiyə getmirəm. Bununla yanaşı dəfələrlə edilən müraciətlərə baxılmaması səbəbindən insanların dövlət orqanlarına inamı azalıb.”

Ardınca layihə çərçivəsində Bakıda yaradılacaq yerli icmaların məqsədi, icmalar üçün qanunvericilikdə nəzərdə tutulan imkanlar, icmaların görə biləcəyi işlər haqqında SMDT – nin hüquqşünası Asima Nəsirli iştirakçılara məlumat verib. Sonda 12 nəfərin təmsil olunması ilə yerli icma yaradılıb. İcmada partiya, QHT, tələbə və fəal sakinlər təmsil olunublar.

SMDT Media və İctimai Əlaqələr Departamenti