SMDT Siyasi azadlıqlarla bağlı ictimai müzakirələr keçirir.

SMDT  “Siyasi iştirakın  monitorinqi və vətəndaşlara siyasi hüquqların təlimi” proqramını həyata keçirir. Proqramın  əsas məqsədi siyasi iştirakla bağlı problemləri müəyyənləşdirmək, həmin problemlərin həlli yollarını müzakirə etmək, ölkədə ictimai-siyasi proseslərin monitorinqini aparmaq və siyasi azadlıqlarla bağlı maarifləndirmə işləri həyata keçirməkdir.

Hazırda SMDT proqram çərçivəsində bölgələrdə siyasi iştirakla bağlı Vətəndaş Forumları həyata keçirir. İyunun 18-də Göyçayda, 19-da Gəncədə, 20-də Bərdədə, 21-də Şəkidə, 22-də Bakıda, 23-də Sumqayıtda, 24-də isə Quba şəhərində yerli QHT-lərin, siyasi partiyaların yerli şöbələrinin, gənclərin, tələbələrin, jurnalistlərin və digər fəalların iştirakı  ilə “Siyasi azadlıqların durumu” mövzusunda vətəndaş forumları keçirilib. Forumlarda siyasi azadlıqlar və siyasi iştirak, siyasi azadlıqlara qoyulan məhdudiyyətlər müzakirə olunub. SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı siyasi idaretmədə iştirakla bağlı milli qanunvericilik, o cümlədən Azərbaycanın qoşulduğu beyunəlxalq sənədlər, siyasi azadlıqlarla bağlı məhdudiyətlər və vətəndaşların siyasi idarəetmədə mümkün iştirak imkanları barədə məlumat verib.

Forum iştirakçıları siyasi iştirak və siyasi azadlıqlarla bağlı vəziyyətin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürüblər. Forumlar zamanı iştirakçılara siyasi azadlıqlar və siyasi iştirakla bağlı qaydalardan ibarət toplular paylanılıb. Həmçinin siyasi azadlıqların durumu ilə bağlı forum iştirakçıları arasında sorğu keçirilib.
Qeyd edək ki, SMDT forumlarda fəal iştirak edən şəxsləri gələcəkdə təşkil olunacaq Siyasi təşkilatlanma üzrə bacarıqların artırılmasına dair seminarlara cəlb edəcək.
Media və İctimai Əlaqələr Departamenti