SMDT uzunmüddətli müşahidəçilər üçün təlimlər keçirir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) seçki kampaniyası elan edildiyi gündən etibarən uzunmüddətli müşahidəçilər üçün təlimlərə başlayıb.

9-14 sentyabrda, SMDT-nin təlimçiləri Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Beyləqan, Göyçay, Xaçmaz və Şəki rayonlarında 57 müşahidəçi üçün təlim keçib. Təlimlərdə uzunmüddətli müşahidəçiliyin aparılması, strukturu, hüquqi bazası və seçki komissiyalarının fəaliyyəti barədə məlumat verilib.

SMDT Bakı və Sumqayıt şəhərlərində daha 23 uzunmüddətli müşahidəçiyə təlim keçməyi planlaşdırır. Ümumilikdə, təşkilat seçki prosesini müşahidə etmək üçün Azərbaycanın 11 regionunda 125 seçki dairəsini əhatə etməklə 80 nəfər uzunmüddətli müşahidəçi ilə əməkdaşlıq edəcək.

SMDT vətəndaşlara seçki komissiyalarında müşahidəçi kimi qeydiyyatdan keçmələri üçün hüquqi yardım edir.

7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkiləri ilə bağlı SMDT-nin başlıca hədəfi vətəndaşların seçki prosesinə cəlb olunması yolu ilə seçkilərin milli qanunvericilik və beynəlxalq standartlara uyğun və seçicilərin iradəsini əks etdirən qaydada təşkilinə yardım etməkdir.