Azərbaycanda insan hüquqları göstəricilərinin BMT-nin Universal Dövrü Qiymətləndirməsi çərçivəsində baxışına hazırlıq müzakirə olunub

Vətəndaş cəmiyyəti təmsilçiləri BMT-nin İnsan Hüquqları üzrə Universal Dövrü Qiymətləndirmə üzrə növbəti baxışında iştirak imkanlarını müzakirə ediblər.
Yanvarın 10-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları üzrə Universal Dövrü Qiymətləndirmə (UDQ) üzrə növbəti dövrü baxışa yerli QHT-lərin iştirakı müzakirə olunub.
Tədbirdə insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən 10-dan artıq vətəndaş cəmiyyəti qrupu təmsilçisi və hüquq müdafiəçiləri BMT-nin Universal Dövrü Qiymətləndirmə üzrə tövsiyələrinin Azərbaycanda icra vəziyyəti, bu mexanizm çərçivəsində milli səviyyəli ictimai məlumatlandırma və ictimai vəkillik fəaliyyəti üçün əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar. Müzakirədə 2023-cü ildə BMT-nin İnsan hüquqları Şurasına Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair UDQ çərçivəsində müraciətlərin edilməsi üçün məlumat mübadiləsi aparılıb.