Noyabrın 6-da, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova məktubla müraciət edib.

Məktubda SMDT-nin sədri son günlər seçki günü müşahidəçilik aparmaq istəyən şəxslərə qarşı bəzi bölgələrdə  təzyiqlərin baş verdiyini qeyd edib. Məsələn, 105 saylı Tovuz seçki dairəsindən qeydiyyatdan keçən müşahidəçi Asim Bağırovun yaşadığı ünvana Vahidli kənd icra nümayəndəsi Oqtay Mürsəlov zəng edərək bildirib ki, o seçki günü müşahidəçi olacağı təqdirdə təhsil aldığı Azərbaycan Aqrar Universitetindən xaric oluna bilər.

Təşkilatın sədri belə halların 63 saylı Sabirabad birinci, 64 saylı Sabirabad ikinci, 100 saylı Şəmkir-Daşkəsən və 103 saylı Gədəbəy seçki dairələri ərazisində də baş verdiyini təəssüflə qeyd edib.

Xatırladaq ki, 7 noyabr 2010-cu ildə Milli Məclisə seçkilərlə bağlı SMDT yerli seçki müşahidəçiliyinə dair ölkə vətəndaşlarına hüquqi-texniki yardım həyata keçirir. Təşkilat parlament seçkiləri elan olunduqdan sonrakı ötən müddət ərzində 1200 nəfərə yaxın ölkə vətəndaşına seçki komissiyalarında qeydiyyat və seçki günü tərəfsiz seçki müşahidəçiliyi ilə bağlı təlimlər keçirib.

A.Məmmədli Seçki Məcəlləsinin 112 və 40.7-ci maddələrini rəhbər tutaraq MSK-nın sədrindən bu nöqsanların aradan qaldırılmasını xahiş edib.