AIHM-in Azərbaycanla bağlı siyasi motivli təqib işlərində verdiyi qərarların icra olunmaması ilə bağlı ortaq bəyanat

148

17 Noyabr 2020

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda 16 nəfərin siyasi motivlərlə təzyiqə məruz qaldığını bildirən qərarlar qəbul edib. Qurbanlar arasında insan haqları müdafiəçiləri, jurnalist, vətəndaş cəmiyyəti fəalları, siyasətçilər və digərləri var. Bu ana qədər, bu qərarlardan cəmi ikisində, özü də yalnız fərdi tədbirlər görülməklə – aprel ayında siyasətçi İlqar Məmmədov və insan haqları müdafiəçisi Rəsul Cəfərovun işlərində ərizəçilərə bəraət verilib. Bu hadisədən sonra isə həm digər fərdlərə münasibətdə, həm də pozuntuların kökündə dayanan problemlərin həlli üçün zəruri olan addımların atılmasında ədalətin bərpa olunması yönündə hər hansı irəliləyişə nail olunmayıb.

‘Avropa Tətbiq/Icra Şəbəkəsi’ təşkilatı davam edən problemi qabartmaq və təcili addımlara çağırmaq üçün 8 digər təşkilatla birgə ortaq bəyanata qoşulub

AIHM-in Azərbaycanla bağlı siyasi motivli təqib işlərində verdiyi qərarların icra olunmaması ilə bağlı ortaq bəyanat

Qoşulurlar:

Bakı İnsan Hüquqları Klubu, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, Hüquq Maarifçiliyi Cəmiyyəti, Niderland Helsinki Komitəsi, Amnesty International, EHRAC, Avropa Tətbiqetmə Şəbəkəsi, İnsan Hüquqları Evləri Fondu və İnsan Hüquqları üçün Beynəlxalq Əməkdaşlıq təşkilatları

10 Noyabr 2020 

  1. Cinayət hüququndan və QHT-lər üçün məhdudlaşdırıcı qanunvericilikdən tənqidi səslərə qarşı silah kimi geniş istifadə olunması Azərbaycanda davam edən insan hüquqlarında əsas trenddir. Hökumət insan hüquqları müdafiəçilərini, o cümlədən jurnalistlər, bloqqerlər, vətəndaş cəmiyyəti fəalları və siyasətçiləri susdurmaq üçün keyfi həbslərdən və təqiblərdən istifadə edib.
  2. Bu günə qədər Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 16 qurbanı əhatə edən 10 işdə siyasi motivli təqib halları (Konvensiyanın 18-ci maddəsi) üzrə qərar çıxardıb. Qərarlardan yalnız ikisi, o da fərdi tədbirlər səviyyəsində həyata keçirilib.

Bütün qərarlar, o cümlədən sonradan Konvensiyanın 46-cı maddəsi altında açılan pozuntu prosedurları dayandırılan İlqar Məmmədov Azərbaycana qarşı işində verilmiş qərarla bağlı irəliləyiş əldə etmək üçün lazım olan zəruri ümumi tədbirlərin icrasında isə kobud boşluqlar var.

 

  1. Avropa Şurası Nazirlər Kabineti son olaraq 4 Sentyabr 2020-ci ildə verdiyi qərarla Azərbaycana qarşı pozuntu prosedurunu dayandırdı. Kabinet 2 ərizəçi, İlqar Məmmədov və Rəsul Cəfərovla bağlı bəraət qərarlarından məmnunluğunu bildirib, ancaq eyni zamanda keyfi qaydada cinayət məsuliyyətinə cəlb edilməkdən əziyyət çəkən digər ərizəçilərlə münasibətdə də hüquqların bərpasına çağırıb. Bu ərizəçilərə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli, tanınmış insan hüquqları müdafiəçisi İntiqam Əliyev və başqaları da daxildir. Kabinetin pozuntu prosedurlarını dayandırması ilə eyni gündə isə digər bir müxalifət lideri Tofiq Yaqublu, Amnesty International təşkilatının təbirincə siyasi motivlərlə həbs olunub.[i]
  2. Bizim təşkilatlarımız düşünür ki, yalnızca 2 ərizəçinin işində verilmiş bəraət qərarları Azərbaycanda səlahiyyətli qurumların hərəkətlərini optimist qiymətləndirmək üçün yetərli deyil. Eyni zamanda Kabinet də bu iki qərara görə Azərbaycan üzərində nəzarətin səviyyəsini azaltmağa tələsməməlidir. Azərbaycanda hökumətin vətəndaş cəmiyyəti və qeyri-zoraki narazılığı zəiflətmək üçün yuxarıdakı strategiyadan istifadə etdiyi üçün siyasi təqiblər və qisas xarakterli cəzalarla bağlı sistematik problemlər qalmaqda davam edir.
  3. Yerli insan hüquqları qruplarının 10 iyun 2020-ci ildə dərc etdikləri siyahıda isə 108 nəfər siyasi məhbusa dair sənədlər toplanıb.[ii] Pandemiyanın startından etibarən isə hökumət narazı səslərə qarşı basqılara davam edib.[iii] Siyasi müxalifətin 2020-ci ilin iyulunda Bakıda keçirdiyi yürüşlərdən sonra isə 100-dən çox müxalifət lider, dəstəçki və fəalları saxlanılıb, siyasi motivli ittihamlarla həbs olunub və ya inzibati qanunvericiliklə ağır cəzalara məruz qalıblar.[iv]
  4. Hətta siyasi motivli təqiblərdən sonra azadlığa çıxmış məhbuslar belə üzərlərində məhkumluqla qalırlar. Bunun isə peşəkar fəaliyyət göstərməyə (misalçün QHT idarə etməyə, müştəriləri hüquqi prosedurlarda təmsil etməyə qadağalar), bank hesablarını idarə etməyə, seçkilərdə namizəd kimi iştirak etməyə və səfər etməyə ciddi maneə törədən təsirləri olur.
  5. Hökumətin tənqidçiləri təqiblərə məruz qalır, uydurma ittihamlar altında keyfi qaydada saxlanılır, işgəncə və alçaldıcı davranışla üzləşir və ədalətsiz məhkəmə prosedurlarından sonra həbs olunurlar. Bu mənada cinayət-ədliyyə sisteminin bütün mərhələləri çirkaba bulaşıb: polislə başlayan proses (saxlanmalar hüquqi prosedurlar gözlənilmədən həyata keçirilir), prokurorluq orqanlarında davam edir (saxta ittihamlardan istifadə olunur), sonra isə məhkəmələrdə yekunlaşır (ədalətsiz məhkəmə iclaslarında qərarlar bir qayda olaraq işgəncə altında vermiş “etiraflar” yeganə sübut hesab olunaraq qəbul edilir).
  6. QHT-lərlə bağlı məhdudlaşdırıcı qanunlar Azərbaycanda 2013-14-də tətbiq olunub və bu günə qədər keyfi qaydada istifadə edilib. Nəticədə isə hökuməti tənqid edən müstəqil QHT-lərin legitim fəaliyyətinə maneələr törədilir. Xüsusilə də davamlı olaraq qeydiyyata almaqdan imtina qərarları, ağır vergi və hesabatvermə qaydaları və digər tələblər vasitəsilə sonradan QHT rəhbərlərinin silsilə şəkildə, keyfi qaydada təqib və həbs olunması üçün bəhanə kimi istifadə edilir. 2016-17-ci illərdə edilmiş növbəti dəyişikliklərsə qrantın təsdiqlənməsi üçün uzun, kompleks və əziyyətli çoxpilləli sistem yaradıb və de-fakto QHT-lərin əcnəbi donorlardan olan qrantları almasını əngəlləyir. Hər bir qrant müqaviləsi üçün Ədliyyə Nazirliyinin təsdiqindən başqa müvafiq qanunu qarışıq, geniş və anlaşılmaz əsaslarda, keyfi qaydada şərh edən Maliyyə Nazirliyindən qrantın məqsədəuyğunluğa dair maliyyə-iqtisadi təhlil tələb olunur.[v] Hökumətin artıq toxunduğu problemlərə toxunan və ya qranta dair maliyyə-iqtisadi məqsədəuyğunluq təhlilinin yetəri qədər izah olunmamış hesab elədiyi qrantlara rədd cavabı verilir. Əlavə olaraq, dövlət QHT-lərin maliyyə məlumatları, QHT-lərə ianə verən fərdlərə dair informasiyanı toplayaraq nəzarət edir və QHT-lərin fəaliyyətləri üzərində geniş monitorinq imkanlarından istifadə edir. QHT-lərin fəaliyyətlərini araşdırmaq qaydaları Ədliyyə Nazirliyinə imkan verir ki, araşdırma aparmaq kontekstində QHT-lərin üzərinə son dərəcədə əziyyətli tələblər qoysun.
  7. Bütün bu qanunvericilik QHT-ləri fəaliyyətlərini davam etdirə bilmək üçün qanunların hüdudlarında işləməyə vadar edir və beləliklə onları kəskin dərəcədə qadağanedici olan qanunvericiliyin keyfi qaydada şərh olunmasından qaynaqlanan qərarlarla cəzalanma riskinə məruz qoyur. AİHM bildirib ki, siyasi motivli təqibi nəzərdən keçirərkən QHT-lərlə bağlı sərt qanunvericiliyi “iqnora qoymaq mümkün deyil”, çünki bu qaydaların təbiəti QHT fəaliyyətini kriminallaşmasına gətirib çıxarır.[vi] Məhkəmə [vii], Venesiya Komissiyası [viii] və Avropa Şurasının keçmiş insan haqları müvəkkili [ix] hər biri QHT-lərlə bağlı qanunvericiliyin beynəlxalq standartlara uyğunsuzluğu və keyfi və sərt qaydada icrası ilə bağlı dərin narahatlıqlarını dilə gətiriblər.
  8. Beləliklə, siyasi motivli təqiblər və məhdudlaşdırıcı QHT qanunvericiliyi çərçivəsi bir-birilə sıx əlaqəlidir. Ərizəçilərin arasında İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədli QHT-lərlə bağlı qanunvericiliyin müddəaları altında həbs olunublar. Bu işlərdə ərizəçilər, qanunsuz olaraq, nəhəng QHT və qrant qanunvericiliyinin tələblərinə riayət etməkdə buraxılan inzibati xətalara görə cinayət əməllərində günahlandırılıblar. Azərbaycanda cinayət-ədliyyə sistemindən sui-istifadənin qarşısı sui-istifadəyə imkan verən qanunları dəyişdirəcək islahatlar aparılmadan effektiv şəkildə alına bilməz. Bundan başqa, siyasi motivli təqibin qarşısını alacaq məhkəmə və prokurorluq orqanlarının müstəqilliyini təmin etmək üçün zəruri olan islahatlara nail olmaqdan ötrü dinamik vətəndaş cəmiyyətinə ehtiyac var ki, hansı ki, bu da elə vətəndaş cəmiyyətini sıxan qanunvericiliklə mümkün deyil.
  9. Biz, aşağıda imzalayan QHT-lər Avropa Şurasının Nazirlər Kabinetini çağırırıq ki:
  • Azərbaycanın AİHM-in hökumət tənqidçiləri, insan haqları müdafiəçiləri və vəkillərin siyasi motivli təqib və həbslərini təsdiqləyən qərarlarına və ‘İlqar Məmmədov Azərbaycana qarşı’ işində Azərbayana qarşı Kabinet tərəfindən Konvensiyanın 46.4-cü maddəsi altında açılan pozuntu proseduruna gətirib çıxaran sistematik səbəbləri aradan qaldırılması üçün tələb olan addımları atmaması ilə bağlı ciddi narahatlığını ifadə etsin

‘İlqar Məmmədov Azərbaycana qarşı’ işində pozuntu prosedurlarının dayandırılması qərarını izləyərkən fərdi və ümumi tədbirlərin həyata keçirilməsinə səmərəli və davamlı nəzarətin təşkili üçün Məmmədli qrupunun işlərini qarşıdan gələn Kabinet görüşlərində daim gündəlikdə saxlasın

  • Azərbaycanın səlahiyyətli qurumlarını keyfi qaydada həbs və təqiblərə imkan verən və göz yuman məhkəmə sistemində müstəqilliyin çatışmazlığı problemini səmərəli həll etməyə, vətəndaş cəmiyyəti üzvlərini və onların işini siyasi motivli təqiblərə, həbslərə və keyfi məhdudiyyətlərə məruz qoymağı dayandırmağa və legitim insan haqları fəaliyyətinə qarşı qisas xarakterli addımlar atmaqdan çəkinməyə səsləsin.
  • Məmmədli qrupu ilə bağlı növbəti qərarında Azərbaycanda məhdudlaşdırıcı QHT və qrant qanunvericiliyi məsələsinə baxsın və hökumətə müraciət etsin ki, cari məhdudlaşdırıcı QHT və qrant qanunvericiliyini beynəlxalq insan hüquqları hüququ qarşısındakı öhdəliklərinə riayət etmək üçün dəyişdirsin.
  • Kabinetin katibliyinə müraciət etsin ki, 2021-ci ilin Mart ayındakı Nazirləri Kabineti görüşünə qədər bütün ərizəçilərin işlərində məhkumluq tamamilə götürülməsə görüş zamanı qəbul olunması üçün aralıq qətnamə hazırlasın.
  1. Yuxarıda qeyd olunmuş arqumentlərə dair digər detallarla Amnesty International [x] və EHRAC [xi] təşkilatları və ərizəçilər tərəfindən 9.1-ci qayda altında edilmiş təqdimatlar vasitəsilə tanış ola bilərsiz

Istinadlar

[i] https://www.amnesty.org/en/latest/news/2020/09/azerbaijan-tofig-yagublu-handed-politically-motivated-sentence/

[ii] A unified list of political prisoners in Azerbaijan, The Working Group (WG) on Unified List of Political Prisoners in Azerbaijan, 21 February 2019, available at:

 https://www.turan.az/ext/news/2020/6/free/Social/en/124755.htm
available at (in azeri) https://smdtaz.org/wp-content/uploads/2020/06/Vahid-Siyasi-Mahbus-Siyahisi-10.06.2020-az.pdf

[iii] Human Rights House Foundation, Azerbaijani authorities must cease crackdown on dissenting voices, and release political prisoners, 9 September 2020.

[iv] Amnesty International Public Statement, Azerbaijan: End Brutal Crackdown on Opposition Activists, 5 August 2020, available at https://www.amnesty.org/download/Documents/EUR5528482020ENGLISH.pdf

[v] 1377th meeting (June 2020) (DH) – Rule 9.2 – Communication by Amnesty International, European Human Rights Advocacy Centre (27/04/2020) in the ILGAR MAMMADOV GROUP v. Azerbaijan.

[vi] Yunusova and Yunusov v. Azerbaijan, application no. 68817/14, judgment rendered on 16 July 2020, para. 192. See also Rasul Jafarov v. Azerbaijan, application 69981/14, judgment of 04 July 2016 para 120.

[vii] Rasul Jafarov v. Azerbaijan, application 69981/14, judgment of 04 July 2016 para 120.

[viii] Opinion on the compatibility with human rights standards of the legislation on non-governmental organisations of the Republic of Azerbaijan, adopted by the European Commission for Democracy Through Law (Venice Commission) at its 88th Plenary Session (Venice, 14-15 October 2011).

[ix] Third party intervention by the Council of Europe Commissioner for Human Rights under Article 36, paragraph 3, of the European Convention on Human Rights in the case of Rasul Jafarov v Azerbaijan, Application No. 69981/14, CommDH(2015)8,  20 March 2015.

[x] 1377th meeting (June 2020) (DH) – Rule 9.2 – Communication by Amnesty International, European Human Rights Advocacy Centre (27/04/2020) in the ILGAR MAMMADOV GROUP v. Azerbaijan

[xi] 1369th meeting (March 2020) (DH) – Rule 9.2 – Communication by International Partnership for Human Rights (IPHR) (12/02/2020) in the ILGAR MAMMADOV GROUP v. Azerbaijan (Application No. 15172/13)