Ali məhkəmə SMDT-nin işini yenidən Appelyasiya məhkəməsinə göndərdi

 

Ali Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) Ədliyyə Nazirliyinə qarşı qeydiyyata alınmaqdan imtina ilə bağlı kassasiya şikayətini təmin etməyib. Ədliyyə Nazirliyinin nümayəndəsinin iştirak etmədiyi məhkəmə prosesində hakim Aslan Kalbalıyevin sədrlik etdiyi Məhkəmə Kollegiyası işin yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb.

“Ali Məhkəmə SMDT-nin iddiasını təmin etmədi. Bununla əlaqədar olaraq biz birləşmək hüququnun təmin olunması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindəyik.” SMDT-nin sədri Anar Məmmədli bildirib.

Anar Məmmədli  Parlament seçkiləri öncəsi belə bir qərarın verilməsini seçkinin şəffaflığına xələl gətirəcəyini vurğulayıb: “Qarşıdan Parlament Seçkilərinin gəldiyini nəzərə alaraq Məhkəmə təcrübəli seçki müşahidə təşkilatı olan SMDT-nin qeydiyyata alınması barədə qərar qəbul etməli və seçkilərin sərbəst müşahidəsi üçün təşkilatın qarşısında duran hüquqi-texniki problemləri aradan qaldırmalı idi. Seçkilər öncəsi belə qərarın qəbul edilməsi vətəndaşların birləşmək hüququnun pozulması ilə yanaşı, SMDT üçün bir sıra maddi-texniki problemlər yaratmaqla seçki prosesinin şəffaflığına şübhə yaradır”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 1 Dekabr 2008 tarixində qeydiyyatı Xətayi rayon məhkəməsi tərəfindən Ədliyyə Nazirliyinin qanuna zidd iddiaları əsasında ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən təsis olunub.

Təsis olunduqdan sonra dövlət qeydiyyatı ilə əlaqədar dəfələrlə Ədliyyə Nazirliyinə müraciət etməsinə baxmayaraq Ədliyyə Nazirliyi müxtəlif bəhanələrlə Birliyi qeydiyyata almaqdan imtina edib. SMDT-nin təsisçiləri bu qərarla razılaşmayaraq Ədliyyə Nazirliyinə qarşı şikayətlə Yasamal rayonu məhkəməsinə müraciət edib. Yasamal Rayon Məhkəməsi nazirliyin xeyrinə qərar çıxarmasından sonra təsisçilər qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət edib və sonuncu aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Aprelin 20-də SMDT apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi seçkilərin müşahidəsi, seçicilərin maarifləndirilməsi, seçki qanunvericiliyinin təkmilləşdirilməsi və vətəndaş cəmiyyətinin inkişafı ilə məşgul olan qeyri-hökümət təşkilatıdır.