Anar Məmmədli: Azərbaycanda vətəndaş və dövlət münasibətlərində dialoq yoxdur.

46

Əgər biz yumşalmadan danışırıqsa, birinci növbədə, seçki prosesində, seçki sistemində islahatları düşünməliyik və buna doğru addımlar atmalıyıq.

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində səyahət qadağası, siyasi məhbusların yenilənmiş siyahısı və ölkədə son zamanlar hökumət tərəfindən mümkün islahatlara işarə kimi qiymətləndirilən addımlardan danışıb. Müsahibəni olduğu kimi təqdim edirik.

Səyahət qadağası – repressiyanın bir forması

“Azərbaycanda çoxsaylı repressiya formaları var. Bunlardan biri də səyahət qadağalarıdır. 2013-14-cü illərdə bu hallar kütləviləşdi və elə bir durum yarandı ki, artıq Azərbaycanda insanlar azadlığa çıxdıqdan sonra ölkəyə həbs edilmiş durumda düşməyə başladılar. İstər jurnalistlər olsun, istərsə də hüquq-müdafiəçiləri olsun. Biz bu ötən müddət düşündük ki, bu problemlərlə bağlı bir sıra islahatlar baş verə bilər, həm adları çəkilən şəxslər ki var siyasi motivlərlə səyahət qadağasına məruz qalıblar, onlarla bağlı məhkəmə prosesləri oldu, Avropa İnsan Haqları Məhkəməsinin qərarları oldu. Düşündük ki, bəlkə bundan sonra bu məsələlər həll olunar. Ancaq həll olunmadı. Eyni zamanda, insanlarda da bir məlumatsızlıq var. ”

Avropa Konvensiyasının tələblərinə əməl olunmur

“Araşdırdığımız şəxslərin sayı 31 nəfərdir. Ancaq mən hesab edirəm ki, bəlkə daha çox sayda insana tətbiq olunub. Çünki bəzi şəxslərlə hal-hazırda əlaqə saxlamaq mümkün deyil və yaxud da iş yerlərini dəyişiblər. Onlara çıxış imkanları məhduddur. Bir neçə şəxs isə bu barədə ümumiyyətlə bizim sorğularımıza cavab verməkdən imtina etdi. Yəni bu hallar da olub. Bəs ümumiyətlə, bu problem özü necə həll oluna bilər?

Birinci növbədə biz düşündük ki, Azərbaycanda səyahət azadlığı ilə bağlı, hərəkət azadlığı ilə bağlı Avropa Konvensiyasının tələblərinə baxaq. Bununla bağlı Avropa Konvensiyası ilə yanaşı, bir sıra kommentariyalar və Avropa İnsan Haqları Məhkəməsinin qərarları var. Bu qərarlar kontekstində Azərbaycanda durumu dəyərləndirək. Həm bizim milli qanunvericiliyimizin vəziyyətini, həm də bunun tətbiqi məsələlərini. Bu kontekstdə bizim araşdırmalarımız göstərdi ki, Azərbaycanda ümumiyyətlə konvensiyanın tələblərinə əməl olunmur. Avropa İnsan Haqları Məhkəməsinin bununla bağlı çoxsaylı tövsiyələri, qərarları olsa da buna əməl olunmur. Məsələn, bir faktı qeyd edim. İntiqam Əliyevlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı var. Eyni zamanda, Azərbaycan Ali Məhkəməsi onun şərti azadlığa çıxması ilə bağlı qərar verib. Xədicə İsmayıla da bu tətbiq olunub, İlqar Məmmədova da. Amma Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında göstərilir ki, bu şəxslər hətta azadlıqdan məhrum olsalar belə, yəni şərti azadlıq məhrumetmə cəzalarına məruz qalsalar belə, əgər onların ölkədən çıxışı ictimai təhlükə törətmirsə, ictimai maraqları üstələmirsə, bu, tətbiq oluna bilməz.”

 

Siyasi məhbuslar siyahısı

“Hal-hazırda siyahıya 127 nəfərin adı daxil edilib. Bunların arasında elə şəxslər var ki, uzun müddətdir həbsdədirlər. Yəni söhbət 2007, 2005, hətta daha öncədən həbs edilmiş şəxslərdən gedir. Eyni zamanda, son illərdə həbs olunan şəxslərin adları var. Mən ümumiyyətlə, bir trendi xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycanda siyasi məhbusların həbs məsələsi belə bir səciyyə daşıyır ki, 2013-cü ilə qədər artan bir xətt üzrə gedirdi, 2013-cü qədər bir qədər azalma oldu, 2013-dən sonra daha da artdı. Hal-hazırda Azərbaycanda siyasi məhbus məsələsi Avropa Şurası ölkələri sırasında Türkiyədən sonra 2-ci yerdədir. Burada çoxlu sayda şəxslərin adları var. Xüsusilə də qeyd etmək istərdim ki, söz və mətbuat azadlığına görə, ifadə azadlığına görə həbs olunmuş şəxslər var ki, onlar Facebook-da elementar bir paylaşımdan tutmuş, hansısa bir tədbir təşkil etməkdən tutmuş bir yazısına görə və yaxud da ki, bir çıxışına görə həbs olunan şəxslər var ki, bu sırf ifadə azadlığına görə qurban olan şəxslərdir, repressiyaya məruz qalan şəxslərdir. Eyni zamanda, başqa siyasi çıxışlarına görə, hakimiyyətə qarşı opponentlik etdiklərinə görə tutulanlar var.

127 şəxsin təbii ki, kvalifikasiyasını aparmışıq, kateqoriyalara bölmüşük. Orada xüsusi olaraq diqqət çəkən şəxslər arasında mənə elə gəlir ki, “Müsəlman Birliyi” hərəkatının üzvlərinin adlarıdır, çünki çoxluq təşkil edirlər. Amma bu da Azərbaycanda uzun müddət aparılan bir siyasi təbliğat kampaniyasının qurbanı olan şəxslərdir. BiZ orada göstərmişik ki, həbs olunan şəxslər, əvvəla onlara qarşı qaldırılmış ittihamlar olduğu kimi məhkəmənin sübutunu tapmayıb. İkincisi, bu şəxslərə qarşı məhkəmə siyasi sifarişlər əsasında qərəzli davranıb. Bir çox məsələlər araşdırılmayıb. Xüsusilə işgəncə halları ilə bağlı məhkəmə prosesində heç bir araşdırma aparılmayıb. Ən nəhayət isə bu məhkəmə prosesinin sonucu olaraq bir çox şəxslərə qarşı, o cümlədən, onların vəkillərinə qarşı hakimiyyət tərəfindən siyasi ayrı-seçkilik siyasəti aparılmağa başlayıb.”

“Yumşalma”, azad seçkilər, siyasi məhbuslar

“Ümumən ölkədəki siyasi problemlərin həlli yönündə ciddi bir “yumşalma”nın olduğunu söyləmək olduqca tezdir. Çünki Azərbaycanın köklü siyasi problemləri var ki, o problemlər həll olunmalıdır. Birinci növbədə Azərbaycan xalqının ən böyük problemi ondadır ki, ölkədə vətəndaş və dövlət münasibətlərində dialoq yoxdur. Yəni dialoqun təşkilinin ən ümdə yolu, ən vacib yolu, dünyada ən qəbul olunmuş yolu seçkidir. Seçki institutu yoxdur. Əgər biz yumşalmadan danışırıqsa, birinci növbədə, seçki prosesində, seçki sistemində islahatları düşünməliyik və buna doğru addımlar atmalıyıq. İkincisi, əgər seçkilərdən sonrakı növbəti mərhələdə əldə oluna biləcək ən yüksək səviyyədə dialoq mediada ifadə azadlığına təminat yaratmaqdır. Ölkə başçısının çıxıb media orqanına, özəl bir kanala müsahibə verməsi heç də ifadə azadlığına münasibətin dözülməz və zəruri səviyyədə olmasının göstəricisi deyil. İfadə azadlığına münasibət o zaman doğru olar ki, o zaman dürüst şəkildə qoyular ki, həbsdə olan şəxslər azad edilsin, ölkədə televiziyaların, radioların, müstəqil qəzetlərin fəaliyyətinə imkanlar yaradılsın. Facebook-dakı, sosial mediadakı baxışlarına görə insanlar təqib olunmasın.

Mənə elə gəlir ki, bu “yumşalma” ritorikası yaradılmağa doğru cəhdlər var. Ola bilər ki, mart ayında əfv gözlənilir, bir sıra şəxslərin azad olunması gündəmə gəlsin və azad olunsun. Amma mənə elə gəlir ki, bütün bu məsələlər daha çox imitasiya xarakteri daşımaqdadır. Çünki qeyd etdiyim kimi, köklü problemlər var. Sərbəst toplaşmaq azadlığı ilə bağlı problem var. Həll olunmalıdır, həll olunmur. Artıq ikinci dəfə müxalif siyasi qüvvələrin milli şurasının təşkil etdiyi aksiyaya icazə verilmədi. Bunun özü sərbəst toplaşmaq azadlığına dair hakimiyyətin münasibətinin göstəricisidir. Həqitətən ölkədə sərbəst toplaşmaq azadlığının tətbiqindən söhbət gedirsə, buna təminatdan söhbət gedirsə, bu aksiyalara niyə icazə verilmir?

İkinci bir məsələ, qeyd etdiyim kimi, birləşmək azadlığı ilə bağlıdır. Hələ də vətəndaş cəmiyyətləri təşkilatlarının fəaliyyəti ilə bağlı qanunvericilik aktlarına qoyulmuş bu qadağalar aradan qalxmayıb. Bunlar aradan qalxarsa, biz bundan danışa bilərik. Və nəhayət siyasi məhbuslar məsələsidir ki, vacib məsələlərdən biridir. Bu gün Azərbaycanda dövlət-vətəndaş münasibətlərində ən həlli vacib olan məsələlərdən biri də siyasi məhbusların həllidir. Bu olmadan, siyasi məhbuslar məsələsi həll edilmədən nə “yumşalma”dan, nə azad seçki mühitindən, nə ölkədə vətəndaş-dövlət dialoqundan danışa bilmərik. Necə ola bilər ki, insanlar siyasi baxışlarına görə həbs olunsunlar, siz onları azadlığa buraxmayasınız, siz onları illərlə həbsdə saxlayasız və “yumşalma”dan danışasız. Yəni “yumşalma” bu məsələlərdə öz əksini tapmalıdır.”

 

Qeyd edək ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycanda hərəkət etmək azadlığı və siyasi motivli səyahət qadağaları ilə bağlı dəyərləndirmə sənədini açıqlayıb. Sənəddə göstərilir ki, siyasi motivli həbslərlə yanaşı, son beş il ərzində ictimai-siyasi fəallar, jurnalistlər və hüquq-müdafiləçilərinə qarşı siyasi təzyiq vasitəsi kimi xaricə səyahət qadağalarının kütləvi tətbiq olunması müşahidə olunur.