Anar Məmmədli: ABŞ Azərbaycan hökuməti ilə insan haqları dialoqunu bərpa etməlidir

ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan hüquqlarının durumuna dair illik hesabatının Azərbaycana aid hissəsində ölkədə baş verən hüquq pozuntuları ətraflı şəkildə təsvir edilib. Dövlət Departamentinin hesabatına Azərbaycanda münasibət müxtəlifdir. Belə ki, hakimiyyət hesabatın reallığı əks etdirmədiyini, müxalifət nümayəndələri və hüquq müdafiəçiləri isə oradakı faktların real olduğunu bildirir. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Amerikanın Səsinin “Amerika İcmalı” proqramında müsahibəsində hesabatın Azərbaycanla bağlı hissələrində əsas məqamları şərh edib.

Anar Məmmədli hesabatda ümumilikdə vəziyyətin real əks etdirildiyini bildirib.

“İllik hesabat 2018-ci ildəki bütün insan hüquqları və azadlıqlarla bağlı demək olar vəziyyəti bu və ya digər şəkildə əks etdirir. Yəni ayrı-ayrı sahələrə xüsusi diqqət yetirəndə müəyyən qədər təfsilatı ilə bağlı, müəyyən ətfaflı təsvirlə bağlı çatışmazlıqları şəxsən özüm qeydə alsam da, ümumən götürürəndə hesabat reallığı əks etdirir və Azərbaycanda insan hüquqları və azadlıqlarına münasibəti göstərir. Hesabatda keçən il baş vermiş seçkilərlə bağlı məsələlər yer alıb, işgəncə halları yer alıb, ailə, məişətdaxili zorakılıqdan tutmuş uşaq hüquqları müdafiəsi, məcburi əmək, sağlamlıqla bağlı, təhsillə bağlı məsələlər yer alıb. ”

Anar Məmmədli builki hesabatı əvvəlki hesabatlarla müqayisə edərək, siyasi məhbuslar məsələsinə kifayət qədər diqqət verilmədiyini bildirib.

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyələri var, tövsiylərin icra olunmaması ilə bağlı məsələlər var. Biz zaman-zaman qaldırırıq bu məsələləri. Buna belə hesabatlarda toxunmaq lazımdır. Bundan yazmaq lazımdır. İkincisi, siyasi məhbuslarla bağlı sanki ümumi sayı göstərməkdən bir az çəkiniblər. Halbuki bir sıra hüquq müdafiəçiləri işləyirlər və İşçi Qrup fəaliyyət göstərir. Mən özüm də İşçi Qrupun üzvüyəm. Biz 130 siyasi məhbusla bağlı son günlər məlumat açıqladıq. Amma bundan öncə, yəni hesabatın əhatə etdiyi dövrlə bağlı bizim yaydığımız periodik sənədlər olub. Biz orada göstərmişik ki, 120-dən artıq dustaq var, 130-dan artıq dustaq var ki, onlar siyasi motivlərlə həbs olunublar. Amma burada hesabatı oxuyanda elə gəlir ki, sırf siyasi partiyalardan tutulanları siyasi məhbus kimi önə çəkirlər. Əslində isə xeyli sayda insan var ki, heç bir siyasi partiyanın üzvü deyil, amma həbs olunublar.”

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbərinin fikrincə, ABŞ Dövlət Departamentinin əvvəlki hesabatlarında hüquq pozuntuları ilə bağlı faktlara daha geniş yer verilirdi.

“Faktların üzərinə gedirdilər, göstərirdilər ki, flan qrup deyir ki, 120 nəfər siyasi məhbus var. İşgəncələrlə bağlı hallara toxunurdular, keysləri təsvir edirdilər. Elə şəxslərin işgəncə hallarını hesabata daxil edirdilər ki, onun siyasi fəaliyyətlə heç bir əlaqəsi yox idi. Sadəcə, yolverilməz bir hal kimi işgəncəni təsvir edərək hesabata daxil edirdilər. Sonra da həmin hesabatı götürüb hökumətə gedirdilər ki, “baxın, belə hallar var və bunlar aradan qaldırılmalıdır. Çünki bizə bu məlumatlar hüquq-müdafiə təşkilatlarından gəlib, qeyri-hökumət təşkilatlarından gəlib. Bunu edirdilər. İndi sanki bəzi məsələlər, həssas məsələlərin üstünə bir o qədər də getmirlər. ”

O, ABŞ administrasiyasının post sovet ölkələrində, o cümlədən Azərbaycanda insan hüquqları məsələsinə daha çox önəm verməli olduğunu və administrasiyanın Azərbaycan hökuməti ilə insan hüquqları sahəsində dialoqu bərpa etməli oldğunu bildirib.

“Dövlət katibinin müşavirinin səfəri oldu. İnsan hüquqları məsələlərinə çox az toxunurlar. Bir o qədər o məsələlərdən bəhs etmirlər. Halbuki bundan öncə də ABŞ Dövlət Departamentinin başqa hesabatı var idi. Yəni 2017-ci ildə hesabatı var idi. Elə həmin hesabatı götürüb üstündən getmək olar və Azərbaycan hökuməti ilə danışıqlarda bu məsələləri eləmək olar. Bir məsələyə də toxunum. İnsan hüquqları ilə bağlı Azərbaycan hökuməti ilə ABŞ hökuməti arasında heç bir dialoq yoxdur. Bax bu dialoqu bərpa etmək lazımdır.”

Anar Məmmədli yaxın günlərdə əfv fərmanının verilə biləcəyi ilə bağlı gözləntilərə də toxunub. O bildirib ki, siyasi məhbus kimi tanınan şəxslərin siyahısında olanların hamısının azadlığa buraxılması üçün addımlar atılmalıdır.

“Böyük ehtimal var ki, əfv fərmanı verilsin, müəyyən sayda insana tətbiq olunsun və onların arasında da həbsdə olan şəxslərdən siyasi məhbuslar da ola bilər. Yəni siyasi motivlərlə həbs olunmuş şəxslər. Belə bir gözlənti var. Mən konkret kimin adlarının düşəcəyini indidən deyə bilmərəm. Çünki xəbərimiz yoxdur, siyahı açıq deyil, ümumiyyətlə bu proses şəffaf getmir. Heç bilinmir ki, Əfv komissiyası tərəfindən ölkə başçısına hansı şəxslərin adları təklim edilib. Yəni bu barədə məlumat yoxdur. Amma çox istərdik ki, 130-a yaxın siyasi şəxsin motivlərlərlə həbs olunduğunu bildirmişik, bunların arasında uzun müddətdir həbsdə olan Əli İnsanov kimi şəxs var. Bunların arasında İlkin Rüstəmzadə kimi gənc yaşlarında həbs olunmuş və 6 ilini həbsxanada keçirmiş şəxslər var, başqa inanclı kəsimlər, yəni 130 şəxsdən söhbət gedir. Bu şəxslərin hər biri azad olunmalıdır. Bu və ya digər formada onların həbsxana divarlarından çıxarılması ilə bağlı ölkə başçısı düşünməlidir, yəni addımlar atmalıdır. Əks halda bu yarımçıq əfv olacaqdır. Yəni öncədən deyirik. Əgər söhbət 20 nəfərin, 15 nəfərin, 50 nəfərin azadlığa çıxmasından gedirsə və onların da yalnız bir qismi yalnız siyasi məhbus olacaqsa, qalanlar isə, yəni hər kəsin azadlığa çıxmasını istəyirik, təki, bütün haqq edən insanlar azadlığa çıxsın, amma siyasi məhbuslar ilk növbədədir. Çünki bu adamlar heç bir cinayət törətmədən həbs olunublar. Olmasa əgər, bu, yarımçıq əfv olacaq və o deməkdir ki, həm Avropa Şurası Parlament Assambleyasında, həm də Avropa Parlamentində, həm ABŞ Konresində, həm də başqa strukturlarda yenidən Azərbaycanda siyasi repressiyalarla bağlı, siyasi təzyiqlərlə bağlı məsələlər gündəmdən çıxmayacaq. Çünki bütün beynəlxalq hüquq müdafiə təşkilatları bu məsələni çox diqqətlə izlyirlər. Və yaxın 2-3 gündə veriləcək əfv siyasəti özünün bundan sonrakı dövrdə də Azərbaycanda siyasi repressiya məsələsinə münasibətini müəyyənləşdirəcək.”

Amerikanın Səsi