ATƏT DTİHB Azərbaycanda seçkiqabağı vəziyyətə qiymət vermir

156

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bu gün aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkilərində müşahidəçilik missiyasının başladığını elan edib.

Missiya ölkənin rəsmi orqanlarının dəvəti əsasında fəaliyyət göstərir və ona Korin Yonker rəhbərlik edir.

Missiyanın əsas tərkibinə həmçinin 10 ekspert var. Bundan başqa, martın 15-də Azərbaycanın müxtəlif regionlarında 20 uzunmüddətli müşahidəçi işə başlayacaq.

Ekspertlər və uzunmüddətli müşahidəçilər 19 ölkəni təmsil edirlər.

Səsvermə günündən bir gün əvvəl missiyaya daha 280 nəfər qoşulacaq.

Yonkerin bildirdiyinə görə, missiya seçkilərə ATƏT və digər beynəlxalq təşkilatların standartları nöqteyi-nəzərdən qiymət verəcək.

Müşahidəçilər namizədlərin qeydiyyatını, seçki kampaniyasının aparılmasını, seçki komissiyalarının və dövlət orqanlarının seçki məsələlərinin hüquq çərçivəsində həlli üzrə işini izləyəcəklər.

Seçkilər günü missiyanın tərkibinə ATƏT PA və AŞPA nümayəndə heyətlərinin üzvləri də qoşulacaq.

Seçkilərə ilkin qiymət səsvermədən sonrakı gün veriləcək.

İki ay sonra seçkilərə yekun qiymət veriləcək və tövsiyələr təqdim ediləcək.

Mətbuat konfransında Yonker missiyanın işinə yeni başladığına istinad edərək heç bir suala aydın cavab verməyib. Xüsusən, o, seçkiqabağı vəziyyətlə bağlı şərh verməkdən çəkinib.

O, həmçinin fevralda Bakıya səfər etmiş DTİHB-nin qiymətləndirmə missiyasının rəyləri haqqında heç nə deməyib.

Onun sözlərinə görə, nümayəndə heyəti yalnız müşahidəçilik missiyasının başlaması üçün “tələbatları” qiymətləndirib.

Yonker Azərbaycanda ATƏT-in əvvəlki monitorinq missiyalarının tövsiyələrinin nə dərəcədə yerinə yetirildiyi barədə suala cavab verməyib.

Missiya rəhbərinin seçkilərin monitorinqinin neçəyə başa gələcəyi haqqında suala da cavabı tapılmayıb.

Turan-ın seçkilərin azad və ədalətli hesab olunması üçün hansı meyarlar olduğunu açıqlamaq xahişinə cavabda Yonker bildirib ki, missiyanın konkret olaraq “azad” və “ədalətli” anlayışları ilə işləmir, seçkiləri müəyyən parametrlər, məsələn, KİV azadlığı və s. üzrə ATƏT standartlarına uyğun olub-olmaması nöqteyi-nəzərdən qiymətləndirir.

O, müxalifətin seçkiləri boykot etmək qərarını da şərh etməkdən çəkinib, bunun müxalifətin qərarı olduğunu və ATƏT-in bu məsələlərə müdaxilə etmədiyini deyib.

Missiya rəhbəri vətəndaş cəmiyyəti institutları üçün seçkiləri müşahidə etmək imkanı olmaması haqqında məsələyə də münasibət bildirməyib.

Yonker qeyd edib ki, missiya ilk rəylərini ilk aralıq hesabatdan sonra bildirəcək.