Avropa Parlamenti Azərbaycanda parlament seçkilərini izləməkdən imtina edib

311

Avropa Parlamenti bu il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etməyəcək. Bu barədə bu gün Avropa Parlamentindən Turan agentliyinə daxil olan məlumatda ​​deyilir.

“Beləliklə, Avropa Parlamentinin və ya onun strukturlarının heç bir üzvünə Avropa Parlamenti adından seçki prosesini izləmək və şərh etmək səlahiyyəti verilmir.

Əgər Avropa Parlamentinin hər hansı üzvü bu seçkiləri müşahidə etmək qərarına gəlsə, o, bunu şəxsən öz adından edəcək və heç bir halda Avropa Parlamentinin nöqteyi-nəzərini və ya mövqeyini təmsil etməyəcək”, – məlumatda bildirilir.

İmtinanın səbəbi açıqlanmır. Əvvəlki seçkilər zamanı Avropa Parlamentinin bəzi nümayəndələri Azərbaycanda monitorinq keçiriblər. Lakin onların rəyləri demokratik qüvvələrin tənqidinə səbəb olub. Onlar  avropalı parlamentariləri bilərəkdən çoxsaylı pozuntuları görməzlikdən gəlməkdə və faktiki olaraq saxtalaşdırmaya bəraət qazandırmaqda ittiham ediblər.