Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair rüblük Fakt-Xülasə (Yanvar – Mart 2020)

26

SMDT 2020-cu ilin ilk rübü ərzində ölkədə insan hüquqları ilə bağlı baş verən hadisələrin monitorinqi və vətəndaşlardan daxil olan şikayətlərin yoxlanılması nəticəsində toplanan 141 fakt əsasında toplam 218 insan hüquqları pozuntusu qeydə alıb. Xüsusilə, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və sosial hüquqlarla bağlı pozuntular rüb ərzində üstünlük təşkil edib. Bu rüb qeydə alınmış insan haqları pozuntularının 142-i mülki və siyasi hüquqların 76-ı isə iqtisadi və social hüquqların payına düşüb.

Rüb ərzində siyasi məhbus məsələsi həllini tapmayıb, müstəqil media orqanlarının saytlarına qoyulan giriş məhdudiyyətləri aradan qalxmayıb. Rübdə insan hüquqları ilə bağlı ən yaddaqalan anlar seçki prosesində pozuntular, seçki etirazları və pandemiya dövründə müxaliflər və aktivistlərə qarşı yeni siyasi təzyiq dalğası başlayıb.

İfadə azadlığının boğulması kimi qiymətləndirilən daha bir hadisədə isə əsas oyunçu Milli Məclis olub. 17 mart 2020-ci ildə Milli Məclis “informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqda qanun”-a dəyişiklik edib. Dəyişikliyə əsasən, pandemiya ilə mübarizə dövründə sosial media platformalarından yalan və çaşdırıcı informasiyanın qarşısını almaq üçün müvafiq qanuna dəyişiklik edilib və qanunun miqyası artırılıb. Belə ki, bundan sonra sosial media istifadəçiləri də sosial mediada qadağan edilmiş məlumatın yayılmasına görə məsuliyyət daşıyacaqlar. Qərar pandemiya dövründə yalan və çaşdırıcı informasiyanın qarşısını almağa yönəlsə də, qərarın qəbulundan sonra bir neçə ictimai-siyasi fəal sosial mediada hökumətin COVID-19 ilə mübarizə siyasətini tənqid etdiyi üçün polis bölmələrinə dəvət olunaraq şifahi xəbərdarlıq alıblar.

Tibbi yardım almaq hüququ ilə bağlı pozuntularda əsasən həkim səriştəsizliyi və qeyri-professionallığı, icbari sığortaya keçid zamanı tibbi müalicə almaq imkanından məhrum olma kimi hallar qeydə alınıb. Bundan başqa cəzaçəkmə müəssisələrində məhkum olunmuş şəxslər yüksək hərarət və boğaz ağrılarından əziyyət çəksələr də onlar adekvat tibbi yardım hüququ ilə təmin olunmayıblar. Eyni zamanda istintaq təcridxanalarında da saxlanılan şəsxlərin sağlamlıqlarına təhlükə törədəcək şəkildə saxlanılmalarına dair şikayətlər qeydə alınıb.

Hesabatı buradan endirə bilərsiniz