Bələdiyyə seçkilərinə namizəd olmaq üçün təlimatlar

175

Bələdiyyə üzvlüyünə namizədlərə aid tələblər:

Azərbaycan Respublikasının vətəndaşı olması; yaşının 18-dən aşağı olmaması; müvafiq seçki dairəsinin ərazisində daimi yaşaması; ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğun olmaması; ikili vətəndaşlığının olmaması; başqa dövlətlər qarşısında öhdəliyinin olmaması.

Namizəd olmaq istəyən və bu tələblərə cavab verən vətəndaş dairə seçki komissiyasına aşağıdaki sənədləri təqdim etməlidir:

Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsinə dair bildiriş;

Şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, müvafiq dairənin ərazisində daimi yaşaması, məhkumluğu, vətəndaşlığı və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə bələdiyyəyə üzv seçiləcəyi halda həmin vəzifəyə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş ərizəsi.

Dairə seçki komissiyasına təqdim edilmiş sənədlərə 5 gün müddətində baxılır və namizədinin irəli sürülməsinin təsdiq olunub-olunmadığı barədə əsaslandırılmış qərar təqdim edilir. Namizədliyin irəli sürülməsinin təsdiq edən qərarın təqdim edildiyi gündən etibarən seçici imzalarının toplanmasına başlanılır və seçki ərazisində yaşayan əhalinin sayından asılı olaraq 15-150 imza arası dəyişir.

Bələdiyyə üzvlüyünə namizədlərin müdafiəsi məqsədilə əhalisi 99.999-dan çox olan ərazidə — 150;

əhalisi 49.999-dan çox olan ərazidə — 100;

əhalisi 19.999-dan çox olan ərazidə — 75;

əhalisi 9.999-dan çox olan ərazidə — 50;

əhalisi 4.999-dan çox olan ərazidə — 30;

əhalisi 4.999-dan az olan ərazidə — 15 seçici imzası toplanmalıdır.

Seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı yalnız “Azerbaycan Beynəlxalq Bankı” ASC-da va ya onun filiallarında yaxud da “Kapital Bank”da açılmalıdır.  Həmin hesab namizədin qeydiyyatı üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalmış açılmalıdır. Hər namizəd yalnız bir xüsusi hesab aça bilər.

Namizədin qeydə alınması üçün namizəd və ya onun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ya ən azı 30 gün qalmış  dairə seçki komissiyasına seçki sənədlərini təqdim edir.

Təqdim edilən sənədlərin siyahısı:

— imza vərəqələri;

— simzaların toplanması haqqında yekun protokolun 2 nüsxəsi;

— namizəd haqqında məlumatlarda dəyişikliklər barədə bildiriş;

— namizədin seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövrü əhatə edən gəlirlərin miqdarıvə mənbələri barəsində məlumat;

— gəlirlər barədə məlumatların alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış

— namizədə məxsus əmlak barədə məlumat

— seçici imzalarının toplanması üçün sərf edilmiş vəsait haqqında məlumatlar da göstərməklə namizədin illik maliyyə hesabatı.

Dairə seçki komissiyası sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Bələdiyyə üzvlüyünə qeydə alınmış hər bir namizədə dairə seçki komissiyası tərəfindən qeydiyyat vəsiqəsi verilir.