Bakıda parlament – vətəndaş münasibətləri müzakirə edildi

SMDT-nin icraçı diroktoru Bəşir Süleymanlı “Vətəndaş iştirakı və seçkili orqanların hesabatlılğının artırılması” proqramı haqqında danışıb. Bildirib ki, SMDT Azərbaycanın 10 bölgəsini əhatə edən (Bakı, Gəncə, Sumqayıt, Göyçay, Quba, Cəlilabad, Mingəçevir, Şəki, Beyləqan və Naxçıvan) “Vətəndaş İştirakı və Seçkili Orqanların Hesabatlılığının Artırılması” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Azərbaycanda yerli və mərkəzi idarəetmədə vətəndaş iştirakını artırmaq, yerli idarəetmə ilə bağlı vəziyyəti öyrənmək, vətəndaşlar arasında bu məsələ ilə bağlı maarifləndirmə işi aparmaq, vətəndaş – dövlət institutları arasında əlaqələri inkişaf etdirmək və vətəndaş iştirakının vacibliyini təbliğ etməkdir.

“Azərbaycan Parlamentinin fəaliyyətində şəffaflıq: hüquqi və praktik imkanlar” mövzusu üzrə məruzə edən hüquqşünas Eldar Qocayev Milli Məclisin daxili nizamnaməsində “Deputat statusu haqqında” qanunda olan boşluqlardan, Milli Məclis Aparatının Əsasnaməsinin olmamasından danışıb. Deputatların qanunvericiliyə görə daim öz fəaliyyətləri ilə bağlı məlumatlar verməli olduğunu qeyd edib: “Deputatlar seçicilərlə sıx əlaqədə olmalıdır. Onlarla tez-tez görüşlər keçirməlidir. Ancaq qanunda bu impretiv şəkildə göstərilmir. Milli Məclisin Komitələri haqqında qanunda fraksiyalarla bağlı göstəriş yoxdur. İclaslar mütəmadi işiqlandılrılmır”.
Eldar Qocayev adbaad səsvermənin açıqlanmasını və Milli Məclisin hüquq araşdırması mərkəzinin yaradılmasını məqsədəuyğun hesab edib.

Keçmiş millət vəkili Nazim Məmmədov parlamentdə qanunların böyük hissəsinin bir orqandan  gəldiyini bildirib. Komitələrin sayının artırılmasına, Büdcə və Avrointeqrasiya komitələrinin yaradılmasına ehtiyac olduğunu deyən məruzəçi mətbuat nümayəndələrinin Komitələrin iclaslarını da işıqlandırılmasının vacibliyindən danışıb: “Milli Məclisdə ilk 30 dəqiqə ərzində KİV təmsilçiləri gəlib iştirak edirlər. Sonra isə zalı tərk edirlər. Amma əsas müzakirələri işıqlandırmırlar. Halbuki əsas söhbətlər elə müzakirələr zamanı baş verir. Mən sizi əmin edirəm ki, ilk 30 dəqiqədə səslənən fikirlər və çıxışlar yalnız piar xarakteri daşıyır və çıxışlarda deyilən fikirlər Milli Məclisin divarları kənarlarından çıxmır”. Nazim Məmmədov çıxışı zamanı parlamentdəki deputatların yaş məsələsinə, həmçinin bir deputatın dəfələrlə seçilməsi məsələsinə toxunaraq bunları dedi: “Bizim Azərbaycanda çox vəzifədə oturmaq xalqımızın adətinə çevrilib. Bizim qocalmış deputatlarımız özləri barədə düşünsələr yaxşı olar”

“Parlament-vətəndaş münasibətlərinin tənzimlənməsi üzrə xarici təcrübə” mövzusunda çıxış edən SMDT sədri Anar Məmmədli parlamentin vətəndaşlar üçün əlçatan və açıq olmalı olduğunu bildirib: “Bir çox ölkələrdə parlamentin iclasları barədə SMS xidməti var. Deputatların gəlirləri və əmlakı barədə məlumatlar saytlarında yerləşdirilməlidi. Milli Məclisin saytından məlumatları sosial şəbəkələrə paylaşmaq keçidi yoxdur”.

Avropa Mübadilə Mərkəzinin (Almaniya) sədri, Avropada Demokratik Seçkilər üzrə Platformanın koordinatoru Ştefanie Şiffer parlamentin fəaliyyətinin şəffaf olmasını onun legitimliyi ilə əlaqəli olduğunu söyləyib: “Almaniya parlamentində (Bundestaq) hər bir deputatın adbaad səsvermısi açıqlanılr. Deputatlar gəlirləri və bəyannamələri barədə suallara dərhal cavab verirlər”.

Ekspert hətta Ukrayna parlamentində (Ali Rada) deputatların korrupsiyada adının olub-olmamasını öyrənməyin mümkünlüyünü bildirib.

Siyasi Azadlıqları Müdafiə Alyansının İdarə heyətinin üzvü, jurnalist Şahvələd Çobanoğlu QHT-lərin parlamentin fəaliyyətini işıqlandıran layihələrin həyata keçirlməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı qanunların dilinin pis olduğunu və müxtəlif mənalar verə biləcəyini qeyd edib. Akkreditasiya sisteminin ləğv edilməli olduğunu və jurnalistlərin Milli Məclisə məhdudiyyətsiz daxil olmalarını təklif edib.

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov İctimai Dinləmələrin keçirilməsi ilə bağlı göstərişlərin olmadığını önə çəkib: “Milli Məclis qanunvericilik təkliflərinə açıq deyil. Birinci oxunuşdan keçən qanunlar ictimai müzakirəyə təqdim edilsə də onu əldə etmək mümkün olmur, müraciətlərə cavab verilmir. Vətəndaşların qanunvericilik təklifləri Konstitusiyada təsbit edilsə də bununla bağlı mexanizm yoxdur”.

“Demokratiyanı Öyrənmə” İctimai Birliyinin rəhbəri Mirəli Hüseynov problemin kökündə legitimlik məsələsinin olduğunu vurğulayıb: “Parlamentin formalaşması və tərkibi ilə bağlı poroblem var. Deputatlara danışmağa vaxt çox az ayrılır. USAİD Milli Məclislə birgə 5 illik proqram həyata keçirdi, amma effekti olmadı”.

“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin sədr müavini Rövşən Ağayev isə Parlamentin özünün şəffaf olmaq istəmədiyini bildirib.
Forumun yekunu olaraq Anar Məmmədli Azərbaycanda ilk Parlament Monitorinq Təşkilatı olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) iştirakı və dəstəyi ilə qəbul edilən “Parlament açıqlığı haqqında bəyənnamə” sənədinin Azərbaycanda da müzakirəyə çıxarılmasının vacibliyindən danışıb: “Hazırlanmış bəyannamə parlamentin monitorinqi üzrə çalışan vətəndaş cəmiyyəti təşkilatlarının milli parlamentlərə, submilli və transmilli qanunverici orqanlara parlamentin işində açıqlıq və vətəndaş iştirakının təmin olunmasına dair çağırışdır. Bu Bəyannamə dialoqa çağırış olmaqla hökumət və parlamentin açıqlığını inkişaf etdirmək üçün parlamentlər və Parlamentin Monitorinqi Təşkilatları arasında dialoqun bazasını təşkil edir. Nəzərdə tutulan dialoq isə parlamentin açıqlığı vasitəsilə daha yüksək vətəndaş iştirakına, vətəndaşların ehtiyaclarına daha yaxşı cavab verən təmsilçi institutların və  daha demokratik cəmiyyətin formalaşmasına yönəlməlidir”.

SMDT Media və İctimaiyyətlə Əlaqələr Departamenti