Bütün namizədlərə İctimai Televiziyada pulsuz efir vaxtı veriləcək

“Parlament seçkisinin təbliğat-təşviqat kampaniyasında namizədliyini irəli sürən bütün namizədlərə İctimai Televiziyada pulsuz efir vaxtı veriləcək.”  “Media forum” saytının məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov belə deyib.

MSK-nın oktyabrın 15-də keçirilən iclasında məsələ müzakirə olunub. MSK sədri Məzahir Pənahov deyib ki, bu gün axşam İctimai Televiziyada ilk çıxışlar olacaq: “Seçki Məcəlləsinin tələbinə görə, yalnız 60 seçki dairəsindən çox namizədi qeydə alınan partiya və bloklara efir vaxtı ayrılır. Amma MSK namizədlərə pulsuz efir vaxtı ayrılması haqda qərar verib. 60-dan artıq dairədə namizədi qeydə alınan siyasi partiya və bloklara ödənişsiz efir vaxtının ayrılması tələbi qüvvədə qalır. 60-dan artıq dairədə namizədi olan partiya və bloklar ödənişsiz təbliğat-təşviqat hüququndan istifadə edəcəklər. Amma MSK belə bir qərara gəlib ki, əlavə olaraq hər bir namizədə müəyyən efir vaxtının verilməsini təmin edək”.
Hər bir namizədə kampaniya dövründə 4 dəqiqə efir vaxtının ayrılması planlaşdırılıb.