Gürcüstanda 200-dən çox seçki məntəqəsi Azərbaycan dilində seçki bülletenləri ilə təmin olunacaq

Noyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turu üçün seçki bülletenlərinin çapına start verilib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

3705 seçki məntəqəsi üçün çap olunacaq seçki bülletenlərinin ümumi sayı 3 278 450 təşkil edəcək.

Seçki bülletenləri etnik azlıqların dillərində da çap olunacaq. 209 seçki məntəqəsi gürcü-Azərbaycan, 133 seçki məntəqəsi gürcü-erməni, 4 seçki məntəqəsi isə gürcü-Azərbaycan-erməni dillərində seçki bülletenləri ilə təmin olunacaq.

Gürcüstanda seçicilərin vahid siyahısında 3 528 658 seçici qeydiyyata alınıb.

Qeyd edək ki, prezident kürsüsü uğrunda iki namizəd – hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparacaq.

REPORT