Gürcüstanda prezident seçkilərinin ikinci turunu 66300-dən çox müşahidəçi izləyir

Gürcüstanda prezident seçkilərinin ikinci turunu 66300-dən çox müşahidəçi izləyir.

“Report” xəbər verir ki, Mərkəzi Seçki Komissiyası ikinci tur üçün 17 mindən artıq seçici subyektinin nümayəndəsini, 48 mindən çox yerli və 1300-dən çox beynəlxalq müşahidəçi qeydə alıb.

Seçki prosesi, təqribən, 2300 yerli və xarici jurnalist tərəfindən işıqlandırılır.

Seçkilərdə iki namizəd – hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparır.

Oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunda S.Zurabişvili 38,64%, Q. Vaşadze isə 37,74% səs toplayıb.

Qeyd edək ki, bu gün Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilir. Bugünkü seçkilər Gürcüstanın dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkidir. Qonşu ölkənin yeni prezidenti 6 il müddətinə seçiləcək.