Hindistanın 13 ştatı və 2 müttəfiq ərazisində yeddi mərhələli ümumi parlament seçkilərinin üçüncü mərhələsi başlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Hindistan Seçki Komissiyasının məlumatına görə, 116 seçki dairəsində səsvermə məntəqələri bu gün yerli vaxtla saat 07:00-da açılıb. Seçkilər Assam, Bihar, Qoa, Hucarat, Cammu və Kəşmir, Qərbi Benqaliya, Karnataka, Kerala, Maharaştra, Odişa, Tripura, Uttar-Pradeş, Çhattisqarh ştatlarında, Dadra və Nahar-Haveli, həmçinin Daman və Diu müttəfiq ərazilərində keçirilir.

Parlament seçkilərində əsas mübarizə ölkənin iki aparıcı siyasi qüvvəsi – hakim Bharatiya canata və müxalif Hindistan milli konqresi partiyaları arasında gedəcək.

Ümumilikdə Hindistanda 900 milyona yaxın seçici qeydiyyatdan keçib. Aprelin 11-də başlayan parlament seçkilərinin ilk iki mərhələsi artıq geridə qalıb.

Seçki Komissiyası bu səsvermənin dünya tarixində seçici sayına görə ən miqyaslı olacağını bildirib. Onu həm də dünyanın ən uzun sürən səsverməsi adlandırmaq olar. Seçkilər bütün 29 ştatda və 7 müttəfiq ərazidə yeddi mərhələdə (aprelin 11-i, 18-i, 23-ü, 29-u, mayın 6-sı, 12-si və 19-u) keçiriləcək. Səslərin hesablanması mayın 23-də başa çatmalıdır.

 

AZƏRTAC