Hökumətyönümlü ‘exit-poll’ar seçkiyə hazırlaşır

274

Aprelin 11-də baş tutacaq növbədənkənar prezident seçkiləri zamanı «exit-poll» keçirəcək dörd təşkilat Mərkəzi Seçki Komissiyasında qeydə alınıb. Bunlar «Els» Müstəqil Araşdırmalar Mərkəzi, «RƏY» Monitorinq Mərkəzidir. Eləcə də Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın «Artur Finkelşteyn və Assosiasiya» şirkəti, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın «Opinion Way» təşkilatı ilə birlikdə «exit-poll» keçirəcək.

Öncəki seçki və referendumlarda iştirak edən «Els» Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova deyib ki, onlar Naxçıvan Muxtar Respublikası istisna olmaqla, 118 seçki dairəsində, 400 seçki məntəqəsində «exit-poll» keçirəcəklər.

“Els” Müstəqil  Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib ki, onların “exit-poll”-unu «Kaspi» qəzeti maliyyələşdirir.

Qeyd edək ki, bu mətbu orqan prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova yaxınlığı ilə seçilir. «Kaspi»nin ayırdığı maliyyə 35 min manatdır.

«Kaspi» qəzetinin rəsmi saytında «Haqqımızda» bölməsində yazılır: «1999-cu ildə Sona Vəliyevanın təşəbbüsü ilə «Kaspi» qəzeti bərpa olunmuşdur». «Əməkdar jurnalist» olan Sona Vəliyeva həm də prezidentin köməkçisi Əli Həsənovun həyat yoldaşıdır.

«RƏY» Monitorinq Mərkəzinin rəhbəri Rizvan Abbasov isə 48 DSK-nı əhatə edəcək 350 seçki məntəqəsində «exit-poll» keçirəcəklərini deyir. Bu mərkəz 2008, 2013, 2015-ci il seçkiləri və 2016-cı il referendumu zamanı seçki məntəqələrinin yaxınlığında səsləri sayıb.

Ancaq Rizvan Abbasov «RƏY»in keçirəcəyi «exit-poll»u kimin maliyyələşdirdiyini açıqlamaq istəməyib.

«Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov R.Abbasovun dediklərini şərh edərkən deyir. Onun sözlərinə görə, məsələnin hüquqi tərəfindən başqa, ictimai etimad məsələsi var:

«Seçki Məcəlləsinə görə, «exit-poll» keçirən təşkilatların maliyyə mənbələri haqqında məlumatın verilməsi məcburi deyil. Ancaq ümumilikdə seçkilərin açıq keçirilməsi prinsipi, QHT haqqında qanunda tələblər maliyyə mənbələrinin şəffaf olmasını, açıq olmasını, hesabatlı olmasını tələb edir. Təşkilatın maliyyə mənbəyini açıqlaması həm də o baxımdan önəmlidir ki, sabah açıqlayacağı rəqəmlərə etimad olsun. Bu baxımdan maliyyə mənbələrini açıqlamalıdırlar. Özü də təkcə maliyyə mənbələrini yox, həm də «exit-poll»u keçirmək zərurəti, neçə seçki dairəsini əhatə etməsi, məlumatların nə vaxt açıqlanacağı barədə də məlumatlar da elan olunmalıdır».

O ki qaldı, «Els»lə bağlı məsələyə, H.Həsənov hesab edir ki, bütün hallarda «exit-poll»u keçirən təşkilatların maliyyə mənbələri müstəqil olmalıdır, o, birbaşa və ya dolayı şəkildə hakimiyyətdən asılı mənbələrdən maliyyələşdirilməməlidir: «Hakimiyyətə birbaşa və ya dolayı yolla yaxın mənbənin maliyyələşdirdiyi sorğu təbii ki, sual yaradır: «Bu nə dərəcədə dəqiq, düzgün, müstəqil «exit-poll»dur?».

İndiyədək «Els» və «RƏY»in keçirdiyi sorğular və «exit-poll»lar heç də birmənalı qarşılanmayıb. Bu qurumların açıqladıqları nəticələr, adətən, rəsmi rəqəmlərə yaxınlığı ilə seçilir.