Imamoglu Erdogana müraciət etdi

132

İstanbul bələdiyyə başqanlığına müxalifətin namizədi 31 mart seçkisini qalibi elan olunmasını tələb edib. CHP-dən namizəd Ekrem Imamoglu Prezident Recep Tayyip Erdogan-ı xaosu önləməkdən ötrü “əməkdaşlığa” çağırıb.

Aprelin 3-də bülletenlərin sayılması bitib. CHP namizədinin Türkiyənin ən böyük şəhərində səslərin 48,79 faizini qazandığı elan olunub.

O, hakim partiyadan rəqibi, keçmiş Baş nazir Binali Yildirim-ı 25 min səs fərqilə üstələyib.

“Ədalət istəyirik. İstanbulun itirməyə bir dəqiqəsi belə yoxdur”, – Imamoglu mətbuat konfransında deyib.

BƏZİ RAYONLARDA BÜLLETENLƏR YENİDƏN SAYILIR

Hələlik, nəticələr seçki komissiyası tərəfindən təsdiqlənməyib. Bu arada Erdogan-ın hakim AKP-si iddialar səsləndirib və Ali Seçki Şurası İstanbulun səkkiz rayonunda bülletenlərin yenidən sayılması qərarını verib.

AK Partiya bildirib ki, seçki məntəqələrində korlanmış bülletenlər nəticələrə təsir göstərib və bu, “Türkiyənin demokratik tarixində ən böyük ləkədir”.

Imamoglu BBC-yə müsahibəsində bu fikirlə razılaşmadığını söyləyib.

“Dünənə qədər hökumət və hakim partiya Türkiyədə ən etibarlı səsvermə sistemindən danışırdılar. Həmin gecə səsvermə məntəqələrində bir milyon adam növbə çəkib. Hər hansı şübhəli fəaliyyət olsaydı, bunu qeydə alaraq yazılı məlumat verərdilər, rəsmi prosedur belədir. Mənim yeganə izahım odur ki, uğursuzluqlarına bəhanə axtarırlar”, – o deyib.

31 mart bələdiyyə seçkisində Erdogan və islamçı partiyası ciddi məğlubiyyət yaşayıb, Ankara və bir sıra əsas şəhərlərdə seçkini uduzub. Ümumilikdə isə hakim partiya namizədləri daha çox səs qazanıb.

Erdogan ötən il səlahiyyəti genişləndirilmiş prezident postuna seçiləndən bu, ilk bələdiyyə seçkisi idi və çoxları bu səsverməni Erdogan və AKP-nin gücünün sınağı sayırdılar.

Ölkədə iqtisadi geriləmə, işsizlik, ikirəqəmli inflyasiya səbəbindən hakimiyyətə dirəniş artır.

Erdogan və partiyası 2002-ci ildə hakimiyyətə gələndən bütün seçkiləri udub.

 

AZADLIQ RADİOSU