Aprelin 28-də İspaniyada ümumi parlament seçkiləri keçirilib. Seçkilərin yekunlarına əsasən məlum olub ki, yeni Konqresdə qadınların sayı ölkə tarixində heç vaxt bu qədər çox olmayıb. Konqresə 164 qadın deputat daxil olacaq. Bu, parlamentdəki deputat yerlərinin 46,8 faizi deməkdir.

Yeni Konqresdə ən çox sayda, daha dəqiq desək, 64 qadın deputat seçkilərdə qalib gəlmiş PSOE Partiyasını (Sosialist Fəhlə Partiyası) təmsil edir.

Bu seçkilər 2007-ci ildə qüvvəyə minmiş hüquq bərabərliyi haqqında qanunun qəbulundan sonra keçirilmiş beşinci ümumi seçkilərdir. Həmin qanuna əsasən hər hansı qurumda təmsil olunan cinslərin faiz nisbəti 60 faizdən çox və ya 40 faizdən az olmamalıdır.

 

AZƏRTAC