İstanbulda seçki nəticəsinin elanı ləngidikcə etirazlar qızışır

Türkiyənin Ali Seçki Şurası aprelin 15-də İstanbulun yerli seçki dairələrindən birinin səsləri ikinci dəfə saymaq qərarını ləğv edib.

Beləliklə prezident Erdoğanın hakim AKP partiyasının ən son apellyasiyalarından biri də rədd edilib.

İstanbul bələdiyyəsinə martın 31-də keçirilmiş seçkinin ilkin nəticələrinə görə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) azacıq fəqrlə Erdoğanın AKP partiyasına qalib gəlib.

Siyasi şərhçilər 25 illik təkhakimiyyətlikdən sonra ölkənin ən böyük şəhərində seçkinin uduzulmasını prezident Recep Tayyip Erdoğanın nüfuzuna ciddi zərbə hesab edirlər.

Məhz bu səbəbdən də seçkinin artıq yarım aydır başa çatmasına baxmayaraq, hakim partiyanın aramsız şikayət və apellyasiyaları nəticələrin elan edilməsini ləngidir.

Reuters yazır ki, İstanbulun itirilməsi siyasi karyerasına bu şəhərin bələdiyyə rəhbərliyindən başlamış Erdoğan üçün daha ağır və şəxsi məğlubiyyətdir.

AKP-nin belə inadkarlığı, seçki nəticələrini tanımaq istəməməsi və hətta yeni seçki keçirilməsi çağırışları CHP namizədi Ekrem İmamoğlunun tərəfdarlarını hövsələdən çıxarır.

Adamların etirazları artıq küçələrdən stadionlara – futbol matçlarına keçib.

Aprelin 14-də keçirilən Beşiktaş-Başakşehir, habelə Fenerbahce-Galatasaray matçlarında azarkeşlər“Mandatı ver, İmamoğluna ver, indi ver” deyə şüar səsləndirirdilər.

İmamoğlu bu matçların hər ikisinə stadionda tamaşa edib.

O, seçkinin ilkin nəticələrinə görə rəqibi – keçmiş baş nazir Binali Yıldırımdan 0, 2 faiz çox səs toplayıb.

Bundan əvvəl hakim partiya paytaxt Ankara seçkisində də məğlub olub.

Aprelin 15-də İstanbulun Maltepe rayonunda 1089 seçki qutusundakı səslərin təkrar sayılması davam edirdi. Burada yerli seçki komissiyası səslərin üçüncü dəfə sayılmasına qərar vermişdi. Bu qərar Ali Seçki Şurası tərəfindən ləğv olunub.

AKP və onun millətçi müttəfiqi MHP İstanbul boyunca müxtəlif rayonlarda nəticələrdən rəsmi şikayət verirlər.

Ali Seçki Şurası habelə Büyükçekmece rayonunda seçki nəticələrinin ləğv olunmasına dair AKP-nin müraciətini hələki cavabsız qoyub və bu barədə rəyini səslərin təkrar sayılması başa çatdıqdan sonra verəcəyini bildirib.

CHP millət vəkillərindən Barış Yarkadaş deyib ki, onun partiyası Ali Seçki Şurasını bundan əvvəlki təkrar saymaları etibarlı elan etməyə və təkrar səs saymalarının sürətinin artırılması üçün yeni seçki komandalarının təşkilinə çağırıb.

Yarkadaş öz Twitter hesabından yazıb: “AKP-MHP Maltepedə səsləri təkrar saydırmaqla başqa nəticələr alınacağını gözləyirdi. Nəticə istədikləri kimi olmayanda onlar indi də rəsmi sənədləri imzalamaqdan imtina edirlər ki, səslərin sayılması qurtarmasın”

Bu arada Erdoğanın müttəfiqi MHP lideri Devlet Bahceli İmamoğlunu futbol matçlarına getdiyinə görə tənqid edib.

O deyib ki, “mandat məsələsini stadionlara gətirmək bu yarışın tərəfləri arasında düşmənçilik toxumu səpməkdir”.

İmamoğlu onun bu tənqidinə dərhal cavab verib: “Mən dostlarıma Galatasaray, Fenerbahce və Beşiktaş matçlarına gedəcəyimi hələ seçkidən əvvəl demişdim. Bunlar şəhərimizin komandaları deyilmi? Əlbəttə gedəcəkdim”.