İyunun 5-də Danimarkada parlament seçkiləri keçiriləcək.

Danimarka KİV-lərinə istinadla xəbər verilir ki, bunu mayın 7-də Krallığın Baş naziri Lars Lökke Rasmussen bəyan edib.

O, parlamentdə çıxışında deyib: “Mən Danimarkaya başçılıq etməyə davam etmək üçün bütün gücümdən, imkanlarından və təcrübəmdən istifadə etmək istəyirəm. Mən danimarkalılardan xahiş edirəm ki, iyunun 5-də qanunverici orqana seçkilərdə məni təkrar seçsinlər”.

L.L.Rasmussen “Venstre” Liberal Partiyasının, Mühafizəkarlar Partiyasının və Liberal Alyansın daxil olduğu üçpartiyalı koalisiyaya başçılıq edir. Bununla belə, ictimai rəy sorğusu sosial-demokratların başçılıq etdikləri solçu blokun üstünlük təşkil etdiyini göstərir. Rəyi soruşulanların 54 faizi solçu bloku dəstəkləyib. Respondentlərin 46 faizi isə Rasmussenə və onun sağçı blokuna üstünlük verib.

Qeyd edək ki, Danimarka parlamentinə seçkilər Avropa Parlamentinə seçkilərdən dərhal sonra keçiriləcək.

 

AZƏRTAC