Kimlər Millət vəkilliyinə namizəd ola bilər? 

703

 

Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan, 18 yaşı tamam olmuş hər bir vətəndaşı Milli Məclisinin deputatı seçilə bilər.

Namizədliyimi necə irəli sürə bilərəm?

İlkin Mərhələ:

  • Namizəd olmaq istəyən şəxslər 6 dekabrdan etibarən seçki komissiyasına qeydiyyatla bağlı yazılı bildirişlə müraciət edə bilərlər.  Bildirişdə namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri və fəaliyyət növü göstərilməlidir. Bildirişlə birlikdə namizədin seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizə də göndərilir. Bu ərizədə onun tərcümeyi-halına aid məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi göstərilməlidir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da göstərilməlidir. Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərin alınması barədə namizədə yazılı məlumat verməlidir.

Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir.

Növbəti mərhələ:

İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd 21 dekabrdan 10 Yanvar saat 18.00-dək müvafiq Dairə seçki komissiyasına aşağıdakı sənədləri təqdim etməlidir:

-irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri; ( Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.)

-seçici imzaları toplanmasının yekunu haqqında tərtib edilmiş protokolun 2 nüsxəsi;

-namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;

– mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;

-namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).

– Sənədlərdə qəsdən buraxılmayan səhvlər aşkar edilərsə, müvafiq seçki komissiyası namizədi 48 saat müddətində məlumatlandırmalı və buraxılan səhvlərin düzəldilməsini təklif etməlidir.

Yekun Mərhələ:

  • Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir. Qeydə alınmış hər bir namizədə qeydiyyat vəsiqəsi verilir.

Kimlər namizəd ola bilməz?

– İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.