Kolumbiya Universitetinin professoru Azərbaycan seçkiləri ilə bağlı məruzə edib

Kolumbiya Universitetinin professoru Azərbaycandakı seçkilərlə bağlı məruzə edib.

Fredrik Sjöberq SMDT-nin müşahidə sənədlərinə istinad edib.
Sentyabrın 18-də ABŞ-ın Kolumbiya Universitetinin doktoru  Fredrik Sjöberq Corc Vaşinqton Universitetində “Seçki günü Yerli seçki müşahidəçiliyi” mövzusunda dinləmə keçirib. O çıxışında 3 ölkə-Azərbaycan, Qırğızıstan və Gürcüstanda sözügedən sahə ilə bağlı praktikaya əsaslanaraq, vətəndaş cəmiyyətindən olan müşahidəçilərin seçki günündə saxtakarlıq hallarını azaltmaq gücünə malik olduqlarını göstərib. Buna baxmayaraq, monitorinq zamanı hakim orqan səsləri satınalma, hədə-qorxu gəlmə kimi digər saxtakarlıq üsullarına əl atır, beləliklə də qeyri-azad və ədalətsiz seçkilər keçirilməkdə davam edir.

Sjöberq hazırda Azərbaycanda hökm sürən vəziyyəti nümunə gətirərək qeyd edib ki, bu ölkədə seçki zamanı seçki keçirilən məkanda veb-kameraların quraşdırılması saxtakarlığı azaltmır, sadəcə saxtakarlığın hası üsullarla törədildiyini göstərir. Hakim orqan bundan da “çıxış yolu”nu bilir: belə ki, onlar kameraların yerləşdirilmədiyi yerlərdə yenidən seçkilərin nəticələrini saxtalaşdırmaqda davam edirlər. O öz çıxışında əsasən seçki məntəqələrindən kənarda seçki müşahidəçilərinin seçkilərə təsiri ilə bağlı vasitələrdən və proqramlardan istifadə etməyi tövsiyyə edib. O həmçinin yerli seçki müşahidəçiliyinə adıçəkilən 3 ölkədə aparılan yerli seçki müşahidəçiliyinə, Azərbaycanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) seçkilər zamanı təşkil etdiyi seçki müşahidəçiliyinə əsaslanaraq qeyd edib ki, seçkilər zamanı 1 saatdan az müşahidəçilik edən beynəlxalq müşahidəçilərlə paralel olaraq yerli müşahidəçilərin də rolu az deyil.  Onlar hətta seçki gününün sonuna qədər, hətta səslərin sayılmasında da iştirak edir. Son zamanlar müşahidəçilərin təsadüfi yolla seçilməsi də onların seçkilərə təsirini daha yaxşı ölçməyə əsas verir.

Sjöberq qeyd edir ki, müxtəlif rejimlərin hökm sürdüyü ölkələrdə müxtəlif formada seçki saxtakarlığı mövcuddur. Güclü avtoritar rejimin olduğu ölkədə müşahidəçilərin iştirakı olsa da, yenə də saxtakarlıq edilir. Seçki məntəqələrindən kənarda baş verən proseslərə tam nəzarət olmaması buna gətirib çıxaran səbəblərdən biridir. Seçkilər zamanı monitorinq aparanlara yalnız seçki məntəqələrinin daxilində gedən prosesi izləmək tapşırılır. Lakin seçiciləri aldatmaq, yaxud müxalifətdən olan seçicilərə hədə qorxu gəlmək kimi seçkidən kənarda baş verən prosesləri izləmək olmur. Sjöberq seçkilərdə saxtakarlıq halları ilə bağlı model göstərərək bildirir ki,  monitorinq aparılan məntəqələrdə bir nəfərin 1-dən çox seçki bülletenini qutuya atması və ya səslərin sayılması zamanı saxtakarlığa daha az rast gəlinir. O daha sonra seçki zamanı olan saxtakarlıqlardan danışaraq qeyd edib ki, seçkilərin nəticələrinə ən çox təsir edən saxtakarlıq növləri bir seçicinin birdən çox səs verməsi və yekun  protokolların saxtalaşdırılmasıdır. Monitorinqin müxtəlif formalarının təsirinə gəldikdə o Azərbaycanla bağlı bu faktı aşkar edir: veb-kameraların quraşdırılmasının təsiri yox dərəcəsindədir.

Sjöberq çıxışında bildirir ki, beynəlxalq seçki müşahidəçiləri seçki zamanı seçki məntəqələrində az müddətdə prosesi müşahidə etdiyindən belə nəticəyə gəlmək olur ki, hər yerdə seçki saxtakarlıqları davam edir. QHT-lərin təşkil etdiyi seçki müşahidəçiliyi zamanı seçki məntəqələri təsadüfi yolla seçilir, PVT –Parallel Vote Tabulation (Səslərin paralel sayılması ) keçirilir və burada müşahidəçilər seçki zamanı müşahidə etdiyi nəticələr rəsmi olaraq elan olunan nəticələrlə müqayisə olunur. Maliyyə məhdudiyyətləri səbəbindən 20-30-dan çox məntəqəyə müşahidəçi göndərilmir. O bildirir ki, buna baxmayaraq, bəzi QHT-lər birləşərək səy göstərir və maksimum dərəcədə bütün seçki prosesini müşahidə etməyə çalışır. QHT-lər tərəfindən yaradılan seçki müşahidəçiliyi missiyası Milli Demokratiya İnstitutu, Avropa Birliyi kimi donorlar tərəfindən maliyyələşdirildiyi üçün büdcəyə uyğun olaraq müşahidə ediləcək seçki məntəqələrinin sayının müəyyənləşdirildiyini deyir.

Daha sonra Sjöberq Azərbaycanda seçkilərin vəziyyətindən də  bir qədər məlumat verib. O 2008-ci ildə prezident seçkiləri zamanı səslərin 90-%-ni toplayaraq keçmiş prezident Heydər Əliyevin oğlu İlham Əliyevin prezident seçildiyini, 1 il sonra isə yəni 2009-cu ildə iki dəfədən artıq seçilməmək məhdudiyyətinin ləğv olunduğunu, 92% qərarın lehinə səs verildiyini deyib. O bildirib ki, beynəlxalq seçki müşahidəçiliyi ilə bağlı ATƏT-in 2010-cu il hesabatında qeyd olunur ki, Azərbaycanda keçirilən seçkilər ölkənin demokratik inkişafına şərait yaratmır. 152 seçki məntəqəsindən 47-də səslərin sayılması prosesi neqativ qiymətləndirilib.  Qeyd olunmalıdır ki, seçki gününə qədər hakimiyyət müdaxilələrindən geri qalmır. Belə ki, müxalifət partiyalarından namizədliyini vermiş namizədlərin yarıdan çoxu qeydiyyatdan imtina edib.

Sjöberq hər 3 ölkədə saxtakarlıq hallarını qiymətləndirmiş və belə nəticəyə gəlmişdir. Ekspertlər 12 ballıq cədvəldə Azərbaycanı 2 balla, Qırğızıstan və Gürcüstanı isə 6 balla qiymətləndirir. Bu o deməkdir ki, seçkilərin düzgün və ədalətli keçirilməsi baxımından Azərbaycan digər adıçəkilən iki ölkədən 3 dəfə geri qalır. Araşdırmadan həmçinin belə məlum olur ki, Azərbaycanda səslərin sayılmasında saxtakarlıq halları 2008-ci il prezident seçkilərində davam edib. Bundan fərqli olaraq 2010-cu il seçkilərində isə belə görünür ki, müşahidəçilər bu cür saxtakarlıq hallarını azaltmağa nail olublar. O seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT)  verdiyi məlumata istinad edərək bildirib ki, Azərbaycanda 2008-ci ildə keçirilən prezident seçkiləri zamanı müşahidəçilər səslərin sayılmasında qanunsuzluqların baş verdiyini aşkar ediblər. Günün sonunda isə məlum olub ki, müşahidəçilərin səyi nəticəsində seçkidə saxtakarlıqla bağlı 1% azalma müşahidə olunub.  Beləliklə Sjöberq apardığı araşdırmalara əsasən belə qənaətə gəlib ki, Azərbaycan da daxil olmaqla adıçəkilən hər üç ölkədə seçkilərdə qanunsuzluqlarla bağlı əhəmiyyətli addımlar atılsa da, saxtakarlıq halları davam edir. Müşahidəçilərin iştirakı seçkilərdə bu halları azaldır, lakin ölkələrdə hökm sürən rejimlərin seçki müahidəçilərinə qarşı həssaslığından asılı olaraq, bu proses fərqlənir. Belə ki, daha avtokratik rejimin hökm sürdüyü Azərbaycanda seçki müşahidəçilərinin iştirakı olsa da saxtakarlıq halları davam edir.

Sonda o həmin ölkələrə və orada fəaliyyət göstərən seçkilərin monitorinqi ilə məşğul olan QHT-lərə seçkilərdən kənarda baş verən prosesləri də müşahidə etməyi və bununla bağlı proqramlar həyata keçirməyi tövsiyyə edib.

SMDT Media və İctimai Əlaqələr Departamenti