MSK bəzi dairələr üzrə yenidən bülleten nəşr etdirəcək

152

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bəzi dairələr üzrə yenidən bülleten nəşr etdirəcək. Bu barədə bazar ertəsi Trend-ə MSK katibi Natiq Məmmədov bildirib.

“Namizədliyi Apelyasiya Məhkəməsinin qətnaməsindən sonra qeydiyyata alınmış namizədlərin adları mütləq bülletenlərdə olmalıdır. Bir az maliyyə xərcləri çəkiləcək, amma buna baxmarayaraq şəxslərin hüquqları təmin olunmalıdır. Bülletenlər verilməyən dairələrdə problem yoxdur. Artıq hansı seçki dairələrinə bülletenlər verilibsə, həmin dairələrdə bülletenlərin dəyişdirilməsi ilə bağlı tədbirlər görülməlidir.” – Məmmədov əlavə edib.
Apelyasiya Məhkəməsi namizədliyi qeydə alınmayan dörd nəfərin namizədliyinin qeydə alınması ilə bağlı qətnamə qəbul edib. Məhkəmənin qətnaməsindən sonra həmin dörd nəfərin namizədliyi MSK tərəfindən qeydə alınıb.

MSK katibi həmin şəxslərin təşviqat kampaniyasının bəzi hissəsində iştirak edə bilmədiyinə də münasibət bildirib. Hazırda 696 namizəd seçki kampaniyasını həyata keçirir.


“Ümumi müqayisə aparsaq, görərik ki, əvvəl qeydiyyata alınmış namizədin sonradan qeydiyyata alınmış namizədə nisbətən imkanları geniş olub. Bu baxımdan nisbi bərabərsizlik görmək mümkündür. Belə namizədlərin hüquqlarının təmin olunması ilə bağlı müəyyən edilmiş prosedura məhz bu reallığı ortaya qoyub. Qanunvericilikdə belə hallarda kompensasiya verilməsinin nəzərdə tutulması barədə heç nə deyə bilməyəcəm.”
– Məmmədov.