MSK ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lərin siyahısını açıqlayıb

81

Mərkəzi Seçki Komissiyası noyabrın 7-də keçiriləcək parlament seçkilərində seçkiqabağı təşviqat aparmaq məqsədilə siyasi partiyalara və bloklara ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lərin siyahısını açıqlayıb.

Media Forum saytının verdiyi məlumata əsasən, siyasi partiyalar və blokların irəli sürdüyü namizədlər üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetlərində pulsuz efir və dərc yeri ayrılacaq.

Ödənişsiz efir vaxtı və dərc üçün yer seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara və ya siyasi partiyaların bloklarına şamil olunacaq.

“Adıçəkilən KİV-lər, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barədə məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra, ən geci, 30 gün keçənədək dərc etməlidir. Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra, bu məlumat qanunla müəyyən edilmiş qaydada onlara da göndərilməlidir.” – MSK mətbuat katibi Azər Sarıyev Media Forum saytına bildirib.