Namizədin təqdim etdiyi sənədlər necə yoxlanılır?

270

Namizədlər sənədləri təqdim etdikdən sonra MSK və müvafiq DSK namizədlərin irəli sürülməsi prosedurunun uyğunluğunu və imza vərəqələrində olan məlumatların düzgünlüyünü yoxlayır. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün seçki komissiyasının üzvlərindən, onun aparatının işçilərindən, cəlb edilmiş mütəxəssislərdən ibarət işçi qrupları yarada bilər. Onların rəyləri imza vərəqələrində olan məlumatların qeyri-düzgünlüyünü olmasını təsdiq edən əsas kimi qəbul edilir.

Hər namizədin qeydə alınması üçün lazım olan imzaların azı 15 faizi yoxlanılmalıdır. İlkin yoxlamadan ötrü hər bir namizədin müdafiəsi üçün toplanmış imzalar eyni sayda götürülür. Yoxlama üçün seçilən imza vərəqələri püşkatma qaydasında müəyyənləşdirilir. Püşkatma keçirilərkən və imza vərəqələri yoxlanılarkən dairə seçki komissiyasında namizədlər və onların səlahiyyətli nümayəndələri, siyasi partiyaların və blokların səlahiyyətli nümayəndələri, Mərkəzi Seçki Komissiyasında isə vahid namizədlər siyahısının irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Müvafiq seçki komissiyası imza vərəqələrinin yoxlanılması haqqında göstərilən şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki komissiyası namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun göndərdiyi şəxsin həmin tədbirlərdə iştirakına etiraz edə və ya maneçilik törədə bilməz. Yoxlama üçün götürülmüş imza vərəqələrində olan bütün imzalar yoxlanılmalıdır.

İmza vərəqələri müvafiq seçki komissiyasına təqdim edilənədək namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və qeydə alınmır ki, imza toplayanlar tərəfindən vərəqələrdə pozmalar haqqında müvafiq qeydlər aparılsın.

İmza vərəqələri yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər imzalar isə qeyri-düzgün sayılır.