Növbədənkənar prezident seçkilərinə səkkiz namizəd buraxılıb

Şənbə günü Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sərdar Cəlaloğlunun (Azərbaycan Demokrat Partiyasının sədri) namizədliyini qeydə alıb. Eyni zamanda Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyevin və Ağ Partiyanın sədri Tural Abbaslının qeydiyyatından imtina edilib. Beləliklə, namizədlərin qeydiyyatı prosesi başa çatıb və prezident postu uğrunda 8 namizəd mübarizə aparacaq.

Ə.Əliyev və T.Abbaslı qeydyyatdan imtinanın səbəblərini bilmirlər, ancaq hər ikisi bunun qərəzli olduğunu düşünür.

“Sənədlərimiz qaydasında idi. 42900 imza (qeydiyyat üçün 40 min imza lazımdır) təqdim etmişdik. İmzalar 69 seçki dairəsinin ərazisindən toplanmışdı, halbuki, qanuna görə, 60 dairədən yetər”, – T.Abbaslı bildirib.

O hesab edir ki, imtinanın səbəbləri texniki yox, siyasi xarakter daşıyır.

“Biz yeni siyasi qüvvəyik, odur ki, bizə təşviqat üçün teleefir ayırmağa risk etmədilər”,- o qeyd edib.

Onun fikrincə, hakimiyyət siyasi səhnədə yeni simaların, yeni qüvvənin olmasını istəmir. Onu mövcud parçalanma qane edir, həmçinin indiki müxalifət.

Öz növbəsində Ə.Əliyev bildirib ki, MSK-nın qərarı təəccüblü deyil.

O xatırladıb ki, 2013-cü ildə də onu prezident seçkilərinə buraxmamışdılar.

“2005, 2010 və 2015-ci illər parlament seçkilərində mənim nəticələrim tanınmadı. Görünür, mən bu prosesləri idarə edənlərin zövqünə uyğun deyiləm. Mən müstəqil siyasi fiquram. Nə hakimiyyətdən, nə də digər mənbələrdən maliyyə vəsaiti almıram. Məni seçkilərə buraxmadılar, çünki qeydiyyata aldıqları dekorativ partiyaların və başqa mənbələrdən maliyyələşən partiyaların rəhbərlərindən çox fərqlənirəm”, – Ə.Əliyev vurğulayıb.

O deyib ki, MSK-nın qərarından məhkəməyə şikayət edəcək.

Bundan öncə prezident İlham Əliyev, bitərəf, parlamentin deputatı Zahid Oruc, Sosial Demokrat Partiyasının lideri Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının təmsilçisi Fərəc Quliyev, Müasir Müsavat Partyasından Hafiz Hacıyev, Xalq Cəbhəsi təşəbbüs qrupunun (Xalq Cəbhəsi Partiyasına aidiyyatı yoxdur) nümayəndəsi Razi Nurullayevin namizədliyi qeydə alınıb.

Aparıcı müxalifət partiyaları seçkiləri boykot edirlər.