Poroshenko və Zelenskiy-nin tərəfdarları əlbəyaxa olublar

107

Ukraynada prezident seçkisinin aprelin 21-də keçiriləcək ikinci dövrəsində rəqib olan Petro Poroshenko və Volodymyr Zelenskiy-nin tərəfdarları əlbəyaxa olublar.

Paytaxt Kiyevdə baş vermiş bu toqquşmaya polis müdaxilə etməli olub. Azı iki nəfərin saxlandığı xəbər verilir.

Polisin məlumatında deyilir ki, aprelin 9-da iki namizədin tərəfdarları Zelenskiy-nin Kiyevdəki ofisinin yaxınlığında toqquşublar.

Hakimiyyət orqanları bildirirlər ki, dava-dalaşa səbəb qarşı duran tərəflərin bir-birlərinin plakatlarını ələ keçirməyə cəhd göstərməsi olub.

Zelenskiy-nin nümayəndələri deyiblər ki, namizəd insident zamanı ofisində olmayıb.

Poroshenko və Zelenskiy seçkinin ikinci dövrəsindən əvvəl debata çıxmaq barədə razılığa gəlsələr də, debatın vaxtı və yeri müəyyən edilməyib.

Zelenskiy martın 31-də keçirilmiş birinci dövrədə səslərin 30.24, Poroshenklo isə15.95 faizini qazana bilib. Namizədlərdən heç birinin səslərin 50 faizini əldə edə bilməməsinə görə ikinci dövrə elan olunub.

Zelenskiy televizya komediya serialında prezident seçilmiş müəllim rolunu oynayır.

Təhlilçilər deyirlər ki, Poroshenko ölkədə mühüm islahatların həyata keçirilməsinə və geniş yayılmış korrupsiyanın qarşısının alınmasına nail ola bilmədiyinə görə populyarlığını xeyli itirib.

Buna baxmayaraq o Ukraynanın Avropa İttifaqına inteqrasiyası kursuna sadiq qalır.

 

AZADLIQ RADİOSU