Praktik Hüquqşünaslar Qrupunun hüquqi nümayəndəlik institutunu məhdudlaşdıran qanun dəyişikliyi barədə alternativ təkliflərinə dair 

BƏYANAT
30 oktyabr 2017 – Bakı

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən müxtəlif mətbuat orqanlara verilən məlumata görə Azərbaycanda nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb və dəyişiklik layihəsi Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

Verilən məlumata görə qanunlara dəyişikliklə bağlı təklif qəbul olunarsa, qanun layihəsinin bu il dekabr 1-də qüvvəyə minəcəyi gözlənilir. Sözügedən qanun dəyişikliyinin qəbuluna səbəb kimi vəkil olmayan şəxslər tərəfindən göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək, bu sahədə nəzarəti təmin etmək olduğu göstərilib.

Qanun dəyişikliyi ali hüquq təhsilli şəxslər ilə, ali hüquq təhsili olmayan şəxslər arasında fərq qoymadığı üçün Azərbaycanda uzun illərdir praktikada fərdi hüquq xidməti göstərən Vəkillər Kollegiyası üzvü olmayan hüquqşünaslar sözügedən qanun dəyişikliyinə səbəb olan halların tənzimlənməsi üçün aşağıdakı təkliflərini təqdim edir:

1. Mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti ali təhsilli hüquqşünaslara aid olmalıdır. Vəkillər Kollegiyası üzvləri bu səlahiyyəti vəkil vəsiqəsi, order və bunlar əsasında alınmış etibarnamə əsasında icra etməlidir. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar bu səlahiyyəti ali təhsil diplomu və bunun əsasında alınmış etibarnamə əsasında icra etməlidir – buna uyğun olaraq Mülki Prosessual Məcəlləyə və Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanuna müvafiq dəyişikliklər edilməlidir;
2. Notariuslar məhkəmə işləri üzrə etibarnamə vermək istəyən şəxslərdən əgər etibar edilən şəxs vəkildirsə etibar edilənin şəxsiyyət vəsiqəsinin, vəkil vəsiqəsinin və müvafiq orderin surətini tələb etməli və bunun əsasında etibarnamə verməlidir. Əgər etibar edilən şəxs Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünasdırsa, etibarnamə vermək istəyən şəxsdən etibar edilənin şəxsiyyət vəsiqəsinin və diplomunun surətini tələb etməli və bunun əsasında etibarnamə verməlidir – qeyd edilən qanunlarla bərabər Notariat haqqında Qanuna dəyişiklik edilməlidir;
3. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar şəxslərə göstərdikləri hüquqi xidmət üzrə tapşırıq müqavilələrini sadə yazılı formada bağlamalıdır. Hüquqşünas tərəfindən belə müqavilənin bağlanılmaması həmin fərdi hüquqşünas yaxud hüquqi şəxs üçün inzibati xəta tərkibi yaratmalıdır – buna uyğun olaraq Mülki Məcəllə, tapşırıq müqaviləsi fəslinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməlidir;
4. Hüquqi tapşırıq müqaviləsinin bədniyyətlə (vicdansızcasına) icra edilməməsinə görə hüquqşünas tam maddi məsuliyyət daşımalıdır – buna uyğun olaraq Mülki Məcəllə, tapşırıq müqaviləsi fəslinə dəyişiklik edilməlidir;
5. Hüquqşünas nümayəndələrin Ali Məhkəmədə nümayəndə kimi çıxış edə bilməsi üçün vəkilin məcburi iştirakı tələbi aradan qaldırılmalıdır – buna uyğun olaraq Mülki Prosessual Məcəlləyə dəyişiklik edilməlidir;
6. Fərdi hüquqşünaslar və hüquqi xidmət göstərən hüquqi şəxslərin müvəkillərinin işləri üzrə sorğularına dövlət orqanları tərəfindən cavab verilməsinə dair qayda müəyyən edilməlidir – İnzibati icraat haqqında Qanuna dəyişiklik edilməlidir;
7. Fərdi hüquqşünaslar Vergilər Nazirliyində VÖEN qeydiyyatından keçərkən diplomlarının surətini təqdim etməlidir. Eyni qayda hüquqi xidmət göstərən hüquqi şəxslərin və digər hüquqi şəxslərin hüquqşünas vəzifəsində olan işçilərinə də aid edilməlidir – Vergi Məcəlləsi və Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir.

Qeyd: Praktik Hüquqşünaslar Qrupu (PHQ) hüquqi nümayədəlik təsisatının məhdudlaşdırılmasına dair cari qanun dəyişikliklərinin qəbul edilməsinin əleyhdarı olan bir sıra praktik hüquqşünasların birləşdiyi və müvəqqəti əsaslarla fəaliyyət göstərən qeyri-formal birlikdir. PHQ cari qanun dəyişikliyi layihəsinə dair tənqidi mövqeyini əks etdirən bəyanatını 17 oktyabr 2017-ci ildə keçirdiyi mətbuat konfransında elan etmişdi. Bu bəyanat PHQ-in cari qanun dəyişikliyi üzrə parlamentdənkənar alternativ təkliflərinə dairdir

Xatırladaq ki, adıkeçən dəyişikliklər bir neçə həftə öncə gündəmə gəlmişdi və açıqlanan məlumatlardan məlum olurdu ki, dəyişikliklər mahiyyətcə məhkəmələrdə hüquqi nümayəndəliyin praktik hüquqşünaslardan və qeyri-hüquqşünas nümayəndələrdən tamamilə alınıb yalnız vəkillərin (vəkillər kollegiyasının) monopoliyasına buraxılır.Belə ki, əgər indiyə kimi vəkillərin iştirakı yalnız ali məhkəmə və cinayət işlərində tələb olunurdusa, bu dəyişikliklərdə digər bütün növ (mülki və inzibati) işlərdə və bütün instansiyalarda da yalnız vəkillər iştirak edə biləcəyi nəzərdə tutulur. Ödənişsiz pulsuz hüquqi yardım haqda qanunun qəbulunun gecikdirildiyi , Avropada ən az vəkil sayının (1000dən az) olduğu , vəkillər kollegiyasına qəbul şərtlərinin ağır və ləng olduğu, həllini gözləyən işlərinsə illik dövriyyəsinin yüzminlərlə ölçüldüyü şəraitdə qəbul ediləcək dəyişikliklərin vəkillər üçün həlli mümkünsüz ağırlıqda iş yükü yaradacağı və bununla da vətəndaşların məhkəməyə və keyfiyyətli hüquqi yardıma çatımlılıq hüququnun pozulacağı qaçınılmaz hesab olunur.Xüsusilə də hüquqi dairələrdə narahatçılıqlara səbəb olan bu dəyişikliklər layihəsinin qüsurları olması səbəbindən gündəlikdən çıxarıldığı Milli Məclisin sədri səviyyəsində bildirilsə də, bəyanat göstərir ki, adıkeçən layihə yenidən Milli Məclisin 31 oktyabr iclasının gündəliyinə daxil edilib.