“Qanun təbliğatın aparılmasını qadağan etmir”- SMDT-nin hüquqşünası Azər Qasımov

Bü günlərdə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov mediaya açıqlamasında bildirib ki, təbliğat kampaniyası başlayanadək namizədlərin təbliğatı, habelə “Facebook” və digər internet sosial şəbəkələrdə təbliğatın təşkili qanunvericilikdə qadağan edilir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin  (SMDT) hüquqşünası Azər Qasımov MSK rəsmisinin açıqlamasını ilə bağlı narahatlığını ifadə edərək, bildirib ki, bu cür hallar Seçki Məcəlləsi və digər normativ hüquqi aktlarda öz əksini tapmayıb. “Seçki Məcəlləsinin 75.2-ci maddəsində seçkiqabağı təşviqatın səsvermə gününə 23 gün qalmış başlaması və səsverməyə 24 saat qalmış dayandırılması göstərilib.  Bu da qeydə alınmış namizədin seçkiqabağı təşviqatını göstərir. Hər hansı bir (parlament, prezident, bələdiyyə seçkilərində) qeydiyyata alınmış namizəd yalnız seçkiyə 23 gün qalmış təbliğat kampaniyasına başlaya bilər. Ancaq qanun seçki kampaniyası başlayana qədər namizədliyini verməyi planlaşdıran hər hansı bir siyasi partiya üzvünün və ya bitərəf şəxslərin namizədliyini irəli sürəcəyi barədə istəyi və ya planının ictimaiyyətə aşıqlamasını heç bir halda qadağan etmir.”

Azər Qasımov həmçinin xatırladıb ki, Seçki Məcəlləsinin 74.2-ci maddəsində seçkiqabağı təşviqatın aparılması üsulları qeyd edilib. “Həmin müddəaya görə, təşviqatı qanunla qadağan edilməyən digər üsullarla da həyata keçirmək olar. Buna görə də gələcəkdə – seçkilər dövründə belə “facebook” sosial şəbəkəsində təşviqatın aparılması qanunla qadağan edilmir.”

SMDT nümayəndəsi bildirib ki, hazırda seçki prosesində hazırlığa dair hakimiyyətə yaxın siyasi partiya nümayəndələrinin televiziya, radio və yazılı mediada təbliğat xarakterli çıxışları müşahidə olunsa da, buna münasibət bildirilmir.