Qazaxıstan niyə erkən seçkiyə gedir?

80

Qazaxıstan iyunun 9-da növbədənkənar prezident seçkisi keçiriləcəyini bildirib. Bu barədə bəyanatı ölkənin keçid prezidenti Qasym-Zhomart Toqaev elan edib.

Aprelin 9-da televiziya ilə canlı çıxış edən Toqaev deyib ki, o “azad və ədalətli seçki keçiriləcəyinə qarantiya verir.”

Qazaxıstanda 1991-ci ildə SSRİ dağılandan bəri beynəlxalq standartlara cavab verən heç bir seçki keçirilməyib.

Toqaev bunu da bildirib ki, erkən seçki qərarını “Elbaşı ilə məsləhətləşmədən sonra” qəbul edib. Keçmiş prezident Nursultan Nazarbayev istefasını elan etsə də, Elbaşı və ya xalqın lideri titulunu daşımaqda davam edir.

Mümkün qeyri müəyyənlik

Təhlilçilər bildirirlər ki, keçid müddətinin qısaldılmasından məqsəd 78 yaşlı Nazarbayevin istefasının ardınca ölkədə baş verə biləcək qeyri-müəyyənliyin və sabitsizliyin qarşısını almaqdır.

O 1990-cı ildən prezident idi, hazırda isə qüdrətli Milli Təhlükəsizlik Şurasının və hakim Nur Otan partiyasının lideri olaraq qalır.

Bundan əvvəl növbəti prezident seçkisinin 2020-ci ilin aprelində keçiriləcəyi elan edilmişdi.

Toqaev iyun seçkisinə özünün qatılıb-qatılmayacağı barədə heç nə deməyib. Mövcud konstitusiyaya görə Qazaxıstanda prezidentliyə namizədlər yalnız dövlət təşkilatları və siyasi partiyalar tərəfindən irəli sürülə bilər.

Nazarbayevin hazırda ölkə senatının başçısı olan böyük qızı Darigha Nazarbayevanın da bu seçkidə iştirakı hələlik məlum deyil.

Onun köməkçisi Saule Mustafaeva demişdi ki, Nazarbayeva prezidentliyə namizədliyini verməyi planlaşdırmır, hərçənd Nazarbayevanın özü bunu qısa şərhində təsdiqləməyib.

Ölkənin siyasi həyatı tamamilə Nursultan Nazarbayevin nəzarəti altındadır və növbəti seçkidə onun namizədinin qalib gələcəyi gözlənilir.

Müxalifət ya həbsxanadadır, ya da mühacirətdə

Bəzi şərhçilər erkən seçki elan edilməsi zərurətini az əvvəl ölkənin müxtəlif şəhərlərində keçirilmiş etiraz aksiyaları ilə əlaqələndirirlər. Bu aksiyalardan bəzilərində ölkənin paytaxtı Astananın adının dəyişdirilərək Nursultan edilməsinə etiraz bildirilirdi.

Human Rights Watch beynəlxalq insan haqları təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Williamson aprelin 9-da deyib ki, Qazaxıstanda azad və ədalətli seçkinin keçirilməsi irəliyə doğru böyük addım ola bilərdi.

O əlavə edib ki, bu seçkidə müxalifət nümayəndələrinin də iştirakı təmin olunmalıdır.

AZADLIQ RADİOSU