Qazaxıstanın iki şəhərində onlarla etirazçı siyasi məhbusların hamısını azadlığa buraxmağa, qarşıdan gələn prezident seçkisini boykot etməyə çağırıb.

Nursultan Nazarbaev martda istefa verəndən sonra iyunun 9-na növbədənkənar prezident seçkisi təyin olunub.

Ölkənin ən böyük şəhəri olan Almatıda etirazçılar Mərkəzi Parka yığışıb, “Utanın”, “Boykot”, “Mənim seçimim var”, “Siyasi məhbuslara azadlıq” şüarları səsləndiriblər.

Paytaxt Nur-Sultanda isə nümayişçilər Astana Konsert Zalı yaxınlığında yürüş edərək oxşar çağırışlar səsləndiriblər.

“Adamlar yorulub”, “Hökumət rədd olsun” kimi şüarlar da eşidilib.

Adətən, icazəsiz nümayişlər keçiriləndə polis əməkdaşlarının sayı artırılır. Hələlik, həbs olunanlar barədə məlumat yoxdur.

​Həbslər davam edir

Nazarbaev hakim Nur Otan partiyasına rəhbərlik edir. Partiya aralıq dövr prezidenti Qasym-Zhomart Toqaev-in seçkiyə namizədliyini irəli sürüb.

Ciddi nəzarət altında olan ölkədə Toqaev-in seçkini udacağı gözlənir.

Özünü hökumətin opponenti kimi təqdim edən yeganə qeydiyyatdan keçmiş müxalifət partiyası seçkini boykot edəcəyini deyib.

Tənqidçilər Nazarbaev-in 30 illik hakimiyyəti dövründə tənqidçiləri susdurduğunu, vətəndaşları təməl hüquqlardan məhrum etdiyini deyir.

Aprelin 21-də Asiya Tulesova və Beibarys Tolymbekov adlı iki fəal saxlanıb və 15 günlük həbsə məhkum edilib. Bundan öncə onlar Almatıda marafon zamanı azad seçki şüarı yazılmış plakat qaldırıblar.

Aprelin 28-də Nur-Sultanda həmin iki fəala dəstək yürüşü keçirən bir qrup şəxs saxlanıb.

Aprelin 29-da isə daha bir fəal beş günlük həbsə məhkum edilib. O, Almatının mərkəzindəki körpünün üstündə ölkə konstitusiyasından sitat – “Hakimiyyətin yeganə mənbəyi xalqdır” yazılmış plakat qaldırıb.

Apellyasiya məhkəməsi isə Roman Zakharov-un həbs cəzasını 12 min 650 tenge (33 dollar) cəriməylə əvəzləyib.

 

AZADLIQ RADİOSU