ReAl seçkilərə müstəqil namizədlərlə birgə blok şəklində gedir

207

Respublikaçı Alternativ Partiyası fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində seçki bloku şəklində iştirak edəcək. Bu barədə bugünki mətbuat konfransında partiyanın lideri İlqar Məmmədov bildirib.

Onun sözlərinə görə, blok “Real Cümhuriyyətçilər İttifaqı” adlanacaq. Bloka partiya üzvləri, eləcə də müstəqil namizədlər daxil olacaq. O, blok iştirakçılarının birgə bəyanatını oxuyub.

“Milli Məclisə seçildiyimiz təqdirdə eyniadlı blok şəklində fəaliyyət göstərəcəyik”, deyə Məmmədov bildirib. O qeyd edib ki, bloka onun mövqeyini dəstəkləyən başqa qurumlar da daxil ola bilər. “Müraciət olunsa, məsələyə baxılacaq və müvafiq qərar qəbul ediləcək”, deyə Məmmədov bildirib.

O, bu müstəqil namizədlərdən ikisini – həkim Vasif İsmayılı və XİN və BP şirkətinin keçmiş əməkdaşı Elçin Haqverdiyevi təqdim edib.

Məmmədovun sözlərinə görə, tezliklə seçkiqabağı koalisiya üzvlərinin yeni adları açıqlanacaq. Ümumilikdə Real partiyasından seçkilərdə 42 namizəd iştirak edəcək.

Məmmədov seçkiqabağı kampaniya zamanı digər siyasi partiyalarla əməkdaşlığı istisna etməyib.