Seçki günü qeydə alınmış pozuntu halları

360

SMDT seçki günü qeydə aldığı pozuntu faktlarından bir hissəsini təqdim edir:

19 saylı Nərimanov birinci seçki dairəsinin 34 saylı seçki məntəqəsinə iki mülki geyimli şəxs daxil olaraq məntəqə sədri İrada Mustafayevanı yuxarı çağırıblar. Bundan sonra mülki geyimlilərdən biri aşağı enərək seçki qutusunun birini götürüb yuxarıya qalxıb. Müşahidəçi Ələkbər Ququyev də yuxarı qalxmaq istəsə də qarşısını alıblar.

73 saylı seçki dairəsinin 10 saylı seçki məntəqəsində müşahidəçi ayaq üstə müşahidə aparmaq istəsə də MnSK üzvləri bunun qarşısını alaraq yerinə oturmağı tələb ediblər.

21 saylı Nəsimi birinci seçki dairəsinin 8 saylı məntəqəsində  müşahidəçi Sərvin Aslanov məntəqənin qarşısında qrup altında səs verməyə gəlmiş şəxsləri görüb və onların əsasən işğal altındakı rayonlarda qeydiyyatda olan şəxslər olduğunu müəyyən edib və buna etiraz edib.  Bu zaman kənarda dayanmış şəxs yaxınlaşaraq, özünü DTX əməkdaşı kimi təqdim edərək ondan onların səsverməsinə mane olmamasını tələb edib.

113 saylı Şəki şəhər seçki dairəsinin 16 saylı məntəqəsində müşahidəçi Natiq İsrafilova iş yerindən zəng vurulub, seçki məntəqəsini tərk etməsi tapşırılıb, əks halda haqqında ölçü götürüləcəyi ilə bağlı xəbərdarlıq edilib.

32 saylı Suraxanı üçüncü seçki dairəsinin 2 saylı seçki məntəqəsində  müşahidəçi Namiq Kərimov ikinci dəfə səs vermək istəyən seçiciyə etiraz edib, bunun çəkilişini apararkən digər bir müşahidəçi mane olmağa çalışaraq video çəkilişin qanunla qadağan olduğunu bildirib. Bu zaman müşahidəçi etiraz etsə, MnSK sədri və katibi bu müdaxiləyə səssiz qalıb.

75 saylı Lənkəran-Masallı seçki dairəsinin 21 saylı seçki məntəqəsinə qrup halında seçicilər gətirilib. Müşahidəçi Kazım Həsənov qrupa yaxınlaşmaq istəsə də, MnSK sədri psixoloji təzyiq göstərərək buna imkan verməyib. Müşahidəçilər üçün ayrılan yer seçki qutusundan 30 metr məsafədə yerləşdiyi üçün müşahidəçi səmərəli müşahidə apara bilməyib.

28 saylı Sabunçu ikinci seçki dairəsi 20 saylı seçki məntəqəsində  bir nəfər anasının yerinə etibarnamə ilə səs vermək istəyib,  Müşahidəçi Atabəy Məhərrəmzadə bunun qanunsuz olduğunu bildirərək etiraz edib və etirbarnamənin fotosunu çəkmək istəyib. Bu zaman MnSK sədri məntəqəyə polis çağıraraq müşahidəçini səsvermə otağından çıxarıblar.  Müşahidəçi məntəqədən kənarda polislə söhbətindən sonra məntəqəyə geri qayıtmasına icazə verib.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 42 saylı məntəqəsində Naxçıvanda qeydiyyatda olan şəxs məntəqədə səs verib, bununla bağlı iradını bildirən müşahidəçi Mircavid Ağalarova komissiya üzvü Məhəmməd Məmmədov sərt reaksiya verərək müşahidəçini təhqir edib. Müşahidəçi bununla bağlı MnSK sədrinə müraciət etdikdən sonra komissiya üzvünü sakitləşdiriblər. Baş verən pozuntu ilə bağlı akt tərtib olunub.

16 saylı Yasamal ikinci seçki dairəsinin 9 saylı məntəqəsində MnSK sədri Sədaqət Seyidzadə və digər komissiya üzvləri müşahidəçi Günay Bodurova ilə kobud davranaraq onların ayaq üstdə müşahidə aparmalarına icazə verməyib. Müşahidəçi barmağına sprey vurulmuş şəxsin səs verməsinin video çəkilişini aparmaq istəyərkən MnSK sədri hücum edərək telefonu əlindən alıb. ATƏT/DTİHB-in müşahidəçiləri gələndən sonra telefon müşahidəçiyə geri qaytarılıb.

26 saylı Sabunçu birinci seçki dairəsi 29 saylı məntəqəsində MnSK sədri müşahidəçi Novruz Qocayevdən niyə müşahidə apardığını soruşub. O, öz təşəbbüsü ilə müşahidə apardığını bildirib. Bu zaman MnSK sədri DSK-ya məruzə edib, dairədən nümayəndə gəlib və müşahidəçini yenidən çağıraraq sorğu-sual etməyə başlayıblar. Onlarla söhbət zamanı məntəqəyə qrup halında seçicilər gətirilib. Müşahidəçi buna irad bildirərkən, MnSK sədri polis çağırıb. Məntəqəyə gələn bir neçə polis müşahidəçiyə fiziki güc tətbiq edərək məntəqədən uzaqlaşdırıb.

22 saylı Nəsimi ikinci seçki dairəsinin 22 saylı məntəqəsində qrup halında seçicilərin məntəqəyə gətirilməsi halları baş verib. Müşahidəçi Ədhəm Laçınov bunun qanun pozuntusu olduğunu bildirərək baş verən halı  telefonla videoya çəkmək istəsə də  MnSK sədri  ona hücum edərək çəkilişin qarşısını almaq istəyib, hətta müşahidəçinin telefonunu əlindən almağa çalışıb.

32 saylı Suraxanı üçüncü seçki dairəsinin 8 saylı məntəqəsində saat 16:00-16:30 radələrində bitərəf namizəd Fikrət Cəfərlinin müşahidəçisi seçicinin qeydiyyatı olub olmamasını öyrənmək üçün onun vəsiqəsinə baxmaq istəyib. Bu zaman məntəqə sədri Əhmədov Natiq buna mane olaraq, müşahidəçini seçki prosesini pozmaqda ittiham edib və polis çağırıb. Müşahidəçi polisdən qanunun tələblərinə uyğun olaraq onun qanunu pozması və məntəqədən çıxarılması barədə akt tərtib edilməsini istəyib, lakin polis vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müşahidəçiyə qarşı fiziki güc tətbiq edərək zorla məntəqədən çıxarıb.

67 saylı seçki dairəsinin 5 saylı məntəqəsində müşahidəçi Anar Məlikov səslərin sayılması ilə bağlı protokolu istəsə də ona verilməyib. Bu səbəbdən o, DSK-ya şikayətə gedib. DSK sədri isə onun şikayətini dinləməyib, əksinə  DSK-ya polis çağırıb. Polis Məlikovu polis şöbəsinə aparıblar. O, axşam 9-10 radələrində sərbəst buraxılıb.

18 saylı Nərimanov-Nizami seçki dairəsinin 18 saylı seçki məntəqəsində Mənzil-Kommunal İstismar Sahəsinin işçiləri qrup halında gətirilib. Onlar məntəqədən kənarda  gözləyərək bir-bir içəri keçib səs veriblər. Səs verdikdən sonra yenə birlikdə qrup şəklində məntəqəni tərk ediblər.

98 saylı Şəmkir şəhər seçki dairəsinin 21 saylı məntəqəsində axşam saat 18.30 radələrində elektrik kəsilib. Müşahidəçinin sözlərinə görə, onlar telefon lampasının işığında MnSK üzvləri İlahiyyə Həsənova və Darçın Vəliyeva qutuya topa bülletenlər atmağa başlayıblar.

92 saylı seçki dairəsinin 27 saylı məntəqəsində bir neçə nəfər başqalarının şəxsiyyət vəsiqələri ilə gəlib onların da yerinə səsvermədə iştirak etməsi faktı qeydə alınıb. Eyni hal 96 saylı seçki dairəsinin 36 saylı məntəqəsində də qeydə alınıb. Belə ki bir nəfər əlində bir neçə şəxsiyyət vəsiqəsi ilə gələrək komissiya üzvlərinə təqdim edib və  ailə üzvlərinin vəsiqələri olduğunu bildirib. Həmin şəxs şəxsiyyət vəsiqələrinin sayına uyğun bülletenlə təmin edilib.

67 saylı Cəlilabad şəhər seçki dairəsinin 16 saylı məntəqəsində müşahidəçi gün ərzində məntəqəyə 280 nəfərin gəldiyini saysa da, səslərin sayılmasından sonra protokola təkcə namizəd Malik Həsənova 340 nəfər səs yazılıb. Səslərin sayılması prosesi başlayandan sonra məntəqədə yeni adamlar, o cümlədən məktəbin müəllimləri gəlib. MnSK sədri müşahidəçiləri 12 metrdən irəli gəlməyə qoymayıb. Qutular açılaraq, stolun üstündə istifadə olunmamış bülletenlərin üstünə tökülüb və qarışdırılıb. Müşahidəçilər buna etiraz edəndə MnSK sədri məntəqəyə polis çağırıb. Müşahidəçilər qarşıdurmaya getməmək üçün məntəqədən çıxıblar.

56 saylı Xaçmaz kənd dairəsində əsgərlərin qrup halında bir məntəqədən digərinə aparıldığı müşahidə olunub.  Eyni seçki dairəsinin 7 saylı məntəqəsinə qrup halında gətirilən  seçicilər səsverməyə hazır bülletenlə gəliblər.

76 saylı Lənkəran-Astara seçki dairəsinin 16 saylı məntəqəsində məşvərətçi səs hüquqlu MnSK üzvü Jalə Bayramovaya fiziki təzyiq göstərilib. O, seçki prosesi ilə bağlı çəkiliş apararkən tanımadığı bir qadın ona hücum edərək saçından tutaraq dartıb, üzünə xəsarətlər yetirib. Hadisə yerinə polis gəlib. Bayramova baş verən hadisə ilə bağll izahat yazıb. Hücumdan sonra Bayramovanın üz nahiyəsində  xəsarət izləri qalıb.

79 saylı İmişli seçki dairəsinin 14 saylı seçki məntəqəsində seçicilər qrup halında səsverməyə gətirilib. Gətirilənlər qeydiyyatda olmadığı üçün onların adı əlavə seçici siyahısına salınıb. Bülletenlərin kənarları kütləvi kəsilib, əllərinə gözəgörünməz mürəkkəb vurulmayıb. Namizəd Ziya Rzayev və bir çox müşahidəçi bu situasiyaya etiraz edib, bu halın durdurlmasını tələb ediblər.  Bu zaman MnSK sədri və digər komissiya üzvləri ilə namizəd arasında gərginlik yaşanıb. MnSK sədri məntəqəyə çağırılıb. İmişli Rayon Polis Rəisinin müavininin başçılığı altında bir qrup polis məntəqəyə gəlib.