“Siyasi azadlıqların durumu” mövzusunda İctimai Forum keçirilib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 29 fevral 2012-ci ildə ”Azərbaycanda Siyasi Azadlıqların Durumu” mövzusunda İctimai Forum keçirib.

Tədbirdə ifadə azadlığı, ictimai-siyasi fəaliyyət imkanları, siyasi fəaliyyət zəmnində təzyiqlər və siyasi məhbuslar problemləri üzrə müzakirələr aparılıb. İctimai Forumda yerli media təmsilçiləri, siyasi partiya və QHT nümayəndələri ilə yanaşı müxtəlif xarici təşkilatların və xarici dövlətlərin səfirlik nümayəndələri də iştirak edib.

 Forum siyasi azadlıqlarla bağlı 3 ayrıca mövzu üzrə müzakirələr formasında təşkil edilib.

“Azərbaycanda ifadə azadlığı: internet, elektron və çap medianın durumu” mövzusu üzrə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) hüquqşünası Günay İsmayılova çıxış edərək, söz və mətbuat azadlığının hazırki vəziyyəti, müstəqil medianın inkişafı sahəsində çətinliklər, internet, elektron və çap mediası üzərində siyasi nəzarətin aradan qaldırılması imkanları barədə rəy və təkliflər bildiriblər.

“İctimai-siyasi fəaliyyət imkanları: seçki hüququ, birləşmək və sərbəst toplaşmaq azadlıqları” mövzusunda  Hüquq və İnkişaf Mərkəzinin sədri Hafiz Həsənov, Azərbaycan Hüquqçular Assossasiyasının sədri Ənnağı Hacıbəyli və SMDT sədri Anar Məmmədli çıxış edərək, ictimai birliklər, vətəndaş qrupları və siyasi partiyaların fəaliyyətinə qoyulan məhdudiyyətlər, “Seçki Məcəlləsi”, “QHT-lər haqqında”, “Siyasi partiyalar haqqında” və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunların yaratdığı çətinliklərdən bəhs ediblər.

“Siyasi fəaliyyət zəmnində təzyiqlər: siyasi məhbusların azad olunması yönündə yerli və beynəlxalq təşəbbüslər” mövzusunda Siyasi Azadlıqları Müdafiə Alyansının həmtəsisçisi Şahvələd Çobanoğlu, Sülh və Demokratiya İnstitutunun prezidenti Leyla Yunus və İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov çıxış ediblər. Çıxışçılar siyasi fəallara qarşı siyasi zəmində təzyiqlərin durdurulmasını və ölkədə vətəndaşların siyasi motivlərlə saxlanılması və həbs olunmasının dayandırılmasını tələb ediblər.

Müzakirələr zamanı iştirakçılar siyasi hüquqların müdafiəsi ilə bağlı yerli və beynəlxalq təşkilatların təşəbbüsləri, Avropa İnsan Haqları Məhkəməsinin seçki şikayətləri üzrə qərarları və “Eurovision-2012” musiqi yarışması ərəfəsində “Demokratiya naminə oxu!” insan hüquqları kampaniyasının tədbirləri barədə də danışıblar.

Mövzu üzrə bütün istiqamətlərdə rəylər və təkliflər ümumiləşdirilərək yekun qətnamədə öz əksini tapıb.

SMDT Media və İctimaiyyətlə əlaqələr departamenti