SMDT Bələdiyyə Seçkiləri ilə bağlı Fəaliyyət Planı qəbul edib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 2009-cu il dekabrın 23-də Azərbaycan Respublikası Bələdiyyələrinə keçiriləcək növbəti seçkilərin azad, demokratik və ədalətli şəraitdə keçirilməsinə yardım etmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirəcək.

SMDT bələdiyyə seçkiləri ilə bağlı Uzunmüddətli muşahidəçilik həyata keçirəcək. Bu məqsədlə seçici siyahılarının dəqiqləşdirilməsi, seçki komissiyalarının fəaliyyəti, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqat və seçki günü səsvermə prosesi müşahidə ediləcək. SMDT həmçinin seçki günü statistik göstəricilərə əsaslanmış müşahidə üzrə 1500 nəfər bitərəf müşahidəçiyə təlim keçəcəkdir.

SMDT bələdiyyə seçkilərinə milli marağın artırılması, seçkidə seçicilərin fəal iştirakının təmin edilməsi yönündə nəşr materiallarının hazırlanaraq seçicilərə pulsuz yayılmasını, habelə seçki təcrübəsinin təkmilləşdirilməsinə yönələn İctimai müzakirələrin və Vətəndaş Forumların keçirilməsini nəzərdə tutur.

Xatırladaq ki, SMDT qeydiyyatı 14 may 2008-ci ildə Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai rayon məhkəməsi tərəfindən ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) üzvləri və təsisçiləri tərəfindən 1 dekabr 2008-ci ildə yaradılıb. SMDT-nin əsas məqsədi Azərbaycanda azad və ədalətli seckilərin keçirilməsi, vətəndaşların dovlət idarəetməsində və demokratiyanın inkişafı prosesində fəal iştirakına yardım etməkdir.