SMDT Bərdədə vətəndaş iştirakı ilə bağlı forum keçirib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT)  Avropa İttifaqının və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə avqustun 7–də “Vətəndaş iştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində Bərdə şəhərində Vətəndaş Forumu keçirib. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanda yerli və mərkəzi idarəetmədə vətəndaş iştirakını artırmaq,  yerli idarəetmə ilə bağlı vəziyyəti öyrənmək, vətəndaşlar arasında bu məsələ ilə bağlı maarifləndirmə işi aparmaq, vətəndaş-dövlət institutları arasında əlaqələri inkişaf etdirmək və vətəndaş iştirakının vacibliyini təbliğ etməkdir.

Forumda SMDT-nin Regionlarla İş üzrə Meneceri Cavid Nəbiyev proqram barədə iştirakçıları məlumatlandırıb. SMDT hüquqşünası Asima Nəsirli vətəndaş iştirakı ilə bağlı hüquqi qaydalar, idarəetmədə vətəndaş iştirakına təminat verən qanunlar barədə məlumat verib.

Forumda bölgə koordinatoru Ülviyyə Babasoy  seçkili orqanlar və icra hakimiyyəti orqanları  tərəfindən  idarəetmənin həyata keçirilməsində  vətəndaşların təkliflərini nəzərə almaq, həmin orqanlar  tərəfindən   vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin etmək  və bu sahədə Bərdədə hazırki mövcud vəziyyət barədə məlumat verib.

Yerli səviyyəli məsələlər üzrə qərar qəbulu  prosesində şəffaflığa dair Bərdə Bələdiyyəsinin nümayəndəsi Eyvazov Ehtiram məruzə edib. O, bildirib ki, Bələdiyyə əvvəllər gördüyü işlərlə bağlı seçicilərə hesabatlar versə də, sonradan bu proses ləngidi və artıq hesabat verilmir. Bələdiyyələrin fəaliyyətsizliyini onların səlahiyyətlərinin az olması ilə əlaqələndirən E.Eyvazov bununla bağlı Nazirlər Kabinetinə dəfələrlə müraciət etsə də, heç bir nəticə olmadığını bildirib. Ümumən vətəndaş – bələdiyyə münasibətlərinin normal olmasına təsir edəcək amillərdən biri seçkilərin şəffaf keçirilməsi, digəri isə vətəndaşların özlərinin aktiv olmasına nail olmaqdır.

Forum iştirakçıları yerli problemlərin həlli ilə əlaqədar məsələ qaldırdıqda, müvafiq orqanlara müraciət etdikdə bunun bir nəticə vermədiyini bildiriblər. Aran İctimai Birliyinin nümayəndəsi Sərdar Zeynalov “Vətəndaş aktivliyinin artırılmasında əsas iş  QHT – lərin üzərinə düşür, bununla bağlı regionlarda QHT institutlarını artırmaq lazımdır. Bələdiyyələrin fəaliyyətinin aşağı olmasına əsas səbəb isə Beynəlxalq konvensiyalara əsasən bələdiyyələrin səlahiyyətlərinin arıtırılması əvəzinə yerli icra orqanlarının səlahiyyətlərinin arıtırılmasıdır” fikirlərini söyləyib. Tələbə Vəfa Babasoy isə bələdiyyələrə etimadın aşağı olmasının səbəbini onların seçki zamanı səs toplamaq üçün seçicilərə onlardan vergi almayacağı vədlərini vermələrində görür. Bələdiyyələrə etimadın aşağı olması isə bələdiyyələrin ilk yarandığı zaman göstərdiyi aktivliyin sonradan itməsinə səbəb olur.

“Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Yardım” İctimai Birliyinin nümayəndəsi Rəvan Məmmədov  bildirib ki: “Vətəndaşların  sosial problemlərin həllində aktiv olmamasının səbəbi onların hansısa formada yerli icra hakimiyyəti orqanlarından asılı olmasıdır. Hər kəs öz dolanışığını düşünür və əlavə problem yaşamamaqdan ötrü sosial fəaliyyətlərə vaxt ayırmır”.

Vətəndaş forumunun yekunu olaraq iştirakçılar yerlərdə şuraların yaradılması təklifini dəstəklədilər. SMDT nümayəndələri yaradılacaq yerli şuralara SMDT tərəfindən hüquqi yardım göstəriləcəyini bildirdilər.

Xatırladaq ki, Bərdədə keçirilən forumda “Yerli İcra Hakimiyyətlərinin idarəetmədə şəffaflığı” mövzusunda məruzə etmək üçün yerli icra hakimiyyətinə dəvət göndərilsə də iştirak etməyiblər və tədbirin keçirilməsinə qadağa qoyublar. Bu səbəbdən avqustun 2-də keçirilməli olan forum təxirə salınmışdı.

 SMDT Media və İctimaiyyətlə Əlaqələr Departamenti