SMDT Bakıda vətəndaş iştirakı ilə bağlı forum keçirib

Avqustun 31-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə “Vətəndaş iştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində Bakıda Vətəndaş Forumu keçirib. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanda yerli və mərkəzi idarəetmədə vətəndaş iştirakını artırmaq,  yerli idarəetmə ilə bağlı vəziyyəti öyrənmək, vətəndaşlar arasında bu məsələ ilə bağlı maarifləndirmə işi aparmaq, vətəndaş-dövlət institutları arasında əlaqələri inkişaf etdirmək və vətəndaş iştirakının vacibliyini təbliğ etməkdir.

Forumda SMDT-nin hüquqşünası Asima Nəsirli vətəndaş iştirakı ilə bağlı hüquqi qaydalar, idarəetmədə vətəndaş iştirakına təminat verən qanunlar barədə məlumat verib. Həmçinin, vətəndaşların seçkilərarası dövrdə idarəetmədə iştiraka həvəsləndirilməsi və yerli icmaların bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb.

Forumda Nərimanov rayon icmasının üzvü, aktiv vətəndaş Vüqar Abbasov yerli problemlərin həlli ilə bağlı yaradılmış işçi qrupunun  fəaliyyəti barədə məlumat verib. O, bildirib ki, Nərimanov rayonunda seçilmiş iki problem – zibillik və binalarda istilik sisteminin olmaması ilə bağlı yerli sakinlərdən 70 imza toplayaraq Nərimanov Rayon İcra Hakimiyyətinə, bələdiyyəyə və 20 saylı Nərimanov ikinci seçki dairəsindən  deputat seçilmiş Adil Əliyevə müraciət edilib. Bir ay keçməsinə baxmayaraq, aidiyyatı orqanlardan heç bir cavab gəlməyib. O həmçinin bildirib ki, bundan sonra sakinlərlə birlikdə şikayətlərə baxılmaması ilə bağlı Ombudsmana şikayət göndərilməsi planlaşdırılır.

Forum iştirakçıları yerli problemlərin həlli ilə əlaqədar məsələ qaldırdıqda, müvafiq orqanlara müraciət etdikdə bunun bir nəticə vermədiyini, buna görə də sakinlərdə ümidsizlik yarandığını qeyd ediblər. Ümid Partiyasının nümayəndəsi Malik Fərzəliyev yol problemi ilə bağlı aidiyyatı orqanlara müraciət etdiyini, lakin bunun bir nəticə vermədiyini, yalnız prezidentə etdiyi şikayətdən sonra yerli problemin həll olunduğunu bildirib.

Forum zamanı Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yaşayan sakinlər bildirib ki, yaşadıqları ərazidə  zibillik problemi baş alıb gedir, ətrafda olan yaşayış yerləri və obyektlər zibilləri binanın həyətinə atır. Bundan başqa, binaların zirzəmisi  qazılıb istilik sistemləri sökülür və yerində kafelər tikilir. Onlar qeyd edib ki, bununla bağlı aidiyyatı orqanlara müraciət ediblər, lakin bir nəticə yoxdur. Sakinlər həmçinin belə bir təklif irəli sürüb ki, yerli problemlərin həlli ilə bağlı məhəllə görüşləri keçirilsin.

“Hüquq Təşəbbüsləri Mərkəzi” İctimai Birliyin sədri Ziya Quliyev hər şeyin seçkilərdən asılı olduğunu, şəffaf seçkilər keçirilərsə, bələdiyyə başçıları xalq tərəfindən seçilərsə, o zaman müsbət nəticəyə  nail olunacağını bildirib.  AXCP Yasamal rayonunun sədri Maarif Ağaməmmədov bildirib ki, seçkilərdə baş verən saxtakarlığı aradan qaldırmaq üçün seçki komissiyaları ləğv olunmalı və tərkibi dəyişilməlidir. O həmçinin bildirib ki, insanların öz hüquqlarından xəbərsiz olması problemin həllinə mane olan səbəblərdən biridir. O,  belə bir təklif irəli sürüb ki, insanların öz hüquqlarından xəbərdar olması ilə bağlı yerli  televiziya kanallarında maarifləndirici verilişlər təşkil olunsun.

Bakıda keçirilən forumda “Yerli İcra Hakimiyyətlərinin idarəetmədə şəffaflığı” mövzusunda məruzə etmək üçün Nəsimi bələdiyyəsinin nümayəndəsi Nailə İsmayilova tədbirdə gəlsə də, tədbir zamanı qalmaqal yaradaraq tədbiri tərk edib. Yerli idarəetməni həyata keçirən orqanların qəbul etdiyi qərarlar barədə vətəndaşlar və yerli icmaların məlumatlılığı, qərar qəbulu prosesi zamanı şəffaflığın təmin edilməsi təcrübəsi barədə məruzə edilməsi üçün həmçinin Nərimanov Rayon İcra Hakimiyyətinə də dəvət göndərilib. Lakin icra hakimiyyətindən  nümayəndə tədbirə gəlsə də, sonradan xəbər etmədən tədbirin keçirildiyi məkanı tərk edib.

Media və İctimai Əlaqələr Departamenti