SMDT Beyləqanda növbəti Vətəndaş Forumu keçirib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı (Aİ) və ABŞ-ın Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş  İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində sentyabrın 18-də Beyləqanda vətəndaş iştirakı ilə bağlı növbəti vətəndaş forumu keçirib. Forumda  QHT, siyasi partiyalar və Həmkarlar İttifaqları, KİV nümayəndələri, bələdiyyə üzvləri,  gənclər, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər. Forum zamanı əsasən 3 mövzu- “Azərbaycanda Seçici Baxışları”, “İctimai Rəy Sorğusunun nəticələri”, “Yerli icmaların yaradılması və fəaliyyəti, Yerli komitələrin yaradılması” barədə müzakirələr aparılıb.

Forum zamanı SMDT tərəfindən Respublika üzrə keçirilmiş “Azərbaycanda Seçici Baxışları”, “İctimai Rəy Sorğusunun Nəticələri”nin təqdimatı və müzakirəsi təşkil edilib. Həmçinin iştirakçılarla birgə yerli problemlərin həlli istiqamətində yaradılması nəzərdə tutulan yerli komitələrin strukturu və fəaliyyəti barədə müzakirələr aparılıb.

Bundan başqa, yaradılacaq yerli komitələrin məqsədi, yerli komitələr üçün qanunvericilikdə nəzərdə tutulan imkanlar, komitələrdə təmsil olunacaq şəxslərə aid tələb və öhdəliklər, komitələrin görə biləcəyi işlər haqqında məlumat verilib.

Forumun sonunda 10 nəfərdən ibarət yerli komitə yaradılıb. Yerli komitə üzvləri sırasında ictimai fəallar, bələdiyyə üzvü, QHT nümayəndələri, siyasi partiya nümayəndələri təmsil olunublar. Yeni yaradılmış komitə ilk öncə öz üzvlərinin kompüter biliklərinin artırılması məqsədi ilə maarifləndirici təlimlər keçəcək. Daha sonra isə 80 saylı İmişli-Beyləqan seçki dairəsinin deputatı Çingiz Qənizadə və 81 saylı Beyləqan seçki dairəsinin deputatı Ayaz Orucovla seçicilər arasında görüş keçirilməsi məqsədilə imzatoplama kampaniyası həyata keçirərək, seçicilərin adından millət vəkillərinə göndərmək planlaşdırılır.

SMDT Media və İctimai Əlaqələr Departamenti