SMDT Gəncədə Vətəndaş Forumu keçirib

Sentyabrın 27 – də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində Gəncədə növbəti Vətəndaş Forumu keçirib. Forumda QHT, KİV nümayəndələri, gənclər, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər. Forum zamanı əsasən 3 mövzu- “Azərbaycanda Seçici Baxışları” İctimai Rəy Sorğusunun nəticələri; yerli icmaların yaradılması və fəaliyyəti; yerli komitələrin yaradılması barədə müzakirələr aparılıb.

Forum zamanı SMDT tərəfindən respublika üzrə keçirilmiş “Azərbaycanda Seçici Baxışları İctimai Rəy Sorğusunun Nəticələri” barədə SMDT – nin regionlarla iş üzrə meneceri Cavid Nəbiyev təqdimat keçirib. Təqdimat zamanı tədbir iştirakçıları əldə olunan statistik göstəricilərə öz münasibətlərini bildiriblər. Fəal vətəndaş Azər Rəsulov seçki aktivliyi barəsində bildirib ki, ölkədə heç bir şəffaf seçkidən söz gedə bilməz. Bunun nəticəsində Azərbaycanda seçici fəallığı çox aşağı səviyyədədir və insanların seçkiyə inamı azalıb. Digər bir fəal sakin Samirə Kazımova isə bildirib ki, yerli televiziyalar siyasi xəbərlərdən daha çox şou xəbərlər verirlər. Siyasi xəbərləri verəndə isə qərəzli mövqe bildirməklə şərh edirlər. Təəssüf ki, internet televiziyaları da ölkədə siyasi vəziyyəti kifayət qədər əhatə edə bilməsə də, düşünürəm ki, onların olması azad medianın mövcud olması sayıla bilər.

Daha sonra layihə çərçivəsində Gəncədə yaradılacaq yerli icmaların məqsədi, icmalar üçün qanunvericilikdə nəzərdə tutulan imkanlar, icmaların görə biləcəyi işlər haqqında iştirakçılara məlumat verilib. Sonda 8 nəfərin təmsil olunması ilə yerli icma yaradılıb.

SMDT Media və İctimaiyyətlə Əlaqələr Departamenti