SMDT Göyçay və Şəkidə növbəti Vətəndaş Forumları keçirib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı (Aİ) və ABŞ-ın Milli Demokratiya İnsitutunun maliyyə dəstəyi ilə “Vətəndaş  İştirakı və Seçkili orqanların Hesabatlılığı” proqramı çərçivəsində sentyabrın 13-də Göyçayda, sentyabrın 14-də isə Şəkidə növbəti vətəndaş forumlarını keçirib. Forumlarda  QHT, siyasi partiyalar və Həmkarlar İttifaqları, KİV nümayəndələri, bələdiyyə üzvləri, gənclər, yerli icmalar və digər vətəndaş cəmiyyəti fəalları iştirak ediblər. Forumlar zamanı əsasən 3 mövzu- “Azərbaycanda Seçici Baxışları”, “İctimai Rəy Sorğusunun nəticələri”, “Yerli icmaların yaradılması və fəaliyyəti, yerli komitələrin yaradılması” barədə müzakirələr aparılıb.
Forumlar zamanı SMDT tərəfindən respublika üzrə keçirilmiş “Azərbaycanda Seçici Baxışları”, “İctimai Rəy Sorğusunun Nəticələrinin” təqdimatı və müzakirəsi təşkil edilib. Həmçinin iştirakçılarla birgə yerli problemlərin həlli istiqamətində, yaradılması nəzərdə tutulan yerli komitələrin strukturu və fəaliyyəti barədə müzakirələr aparılıb. Bundan başqa, yaradılacaq yerli komitələrin məqsədi, yerli komitələr üçün qanunvericilikdə nəzərdə tutulan imkanlar, komitələrdə təmsil olunacaq şəxslərə aid tələb və öhdəliklər, komitələrin görə biləcəyi işlər haqqında məlumat verilib.

Forumun sonunda Göyçaydan 9, Şəkidən 6 nəfərin təmsil olunduğu iki yerli komitə yaradılıb. Yerli komitə üzvləri sırasında bələdiyyə üzvləri, müəllimlər, tələbələr, QHT nümayəndələri və sadə vətəndaşlar təmsil olunublar.

Şəkidə keçirilən forumda  tədbirin keçiriləcəyi məkanla əvvəlcədən razılıq əldə olunsa da son anda məkan sahibi yer olmadığını əsas gətirərək  əldə olunmuş razılıqdan imtina edib. SMDT nümayəndələri forumu alternativ yerdə keçirməyə nail olublar.

Qeyd edək ki, iyulun 11-də Şəkidə keçirilmiş əvvəlki forumda da həmin məkan sahibinə yerli icra hakimiyyəti tərəfindən təzyiq edilmişdi. Ehtimal edilir ki, yenidən onlara təzyiqlər olması səbəbindən məkan rəhbərliyi imtina edib.

SMDT Media və İctimai Əlaqələr Departamenti