SMDT Lənkəranda və Beyləqanda vətəndaş iştirakı ilə bağlı forum keçirib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Avropa İttifaqı və ABŞ-ın Milli Demokratiya İnstitutunun dəstəyi ilə “Vətəndaş iştirakı və Seçkili Orqanların Hesabatlılığı” proqramı çərçivəsində iyulun 16-da Lənkəranda, iyulun 18-də Beyləqanda Vətəndaş Forumu keçirib. Forumlarda iştirakçılara idarəetmədə vətəndaş iştirakı ilə bağlı Toplu paylanılıb. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanda yerli və mərkəzi idarəetmədə vətəndaş iştirakını artırmaq,  yerli idarəetmə ilə bağlı vəziyyəti öyrənmək, vətəndaşlar arasında bu məsələ ilə bağlı maarifləndirmə işi aparmaq, vətəndaş-dövlət institutları arasında əlaqələri inkişaf etdirmək və vətəndaş iştirakının vacibliyini təbliğ etməkdir.

Forumda SMDT-nin İctimai Əlaqələr üzrə Meneceri Afaq Aslanova proqram barədə iştirakçıları məlumatlandırıb. SMDT hüquqşünası Asima Nəsirli vətəndaş iştirakı ilə bağlı hüquqi qaydalar- vətəndaşların iştirakına təminat verən Azərbaycan Respublikasının Konstitusiyası, Deputatın Statusu haqqında”, “ Bələdiyyələrin statusu haqqında”, “Vətəndaşların müraciətinə baxılması qaydası haqqında” qanunlar və “ Bələdiyyələrin Məhəlli Komitələri haqqında Nümunəvi” Əsasnamədə nəzərdə tutulan müddəalar barədə çıxış edib. Adı çəkilən qanunlarda vətəndaşların yerli problemlərin həlli ilə bağlı hüquq və vəzifələrinə diqqət çəkib.

Lənkəranda keçirilən forumda bölgə koordinatoru Səməd Ağayev yerli problemlərin həlli ilə bağlı yaradılmış işçi qruplarının fəaliyyəti ilə bağlı məlumat verib. Bildirib ki, indiyə kimi işçi qrupunun dəstəyi ilə qaz problemi ilə bağlı Lənkəran şəhər Qaz İdarəsinə, eləcə də İcra Hakimiyyətinə müraciət göndərilib və artıq Lənkəranda qaz çəkilişi ilə bağlı işlərə başlanılıb. Beyləqanda keçirilən forumda isə, bölgə koordinatoru Əmir Orucov yol və kanalizasiya problemlərilə bağlı imza toplamaqda əhaliyə yardım edildiyini və müraciət hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə, Nəqliyyat nazirinə, Beyləqan İcra Hakimiyyətinə göndərildiyini qeyd edib.

Lənkəranda keçirilən forumda iştirakçılar yerli problemlərin həlli ilə əlaqədar məsələ qaldırdıqda, müvafiq orqanlara müraciət etdikdə  bunun bir nəticə vermədiyini, eləcə də yerli orqanların əhalinin xəbəri olmadan gizli işlər gördüklərini, qanun pozuntularına yol verdiklərini  bildiriblər.   “Bizim Təbib” qəzetinin baş redaktoru Şəfahət Həsənov bunun səbəbini korrupsiyada görür. O  bildirib ki,  bələdiyyələrdə savadlı insanlar çalışsa, heç bir gizli iş ola bilməz: “Fərdi insanlardan ibarət ayrı-ayrı kəndlərin hər birindən nümayəndə olmaqla 10 nəfərdən ibarət təşəbbüs qrupu yaradılsın və onlar müvafiq vaxtlarda əhali arasında maarifləndirmə işləri aparsınlar. Bu yolla qanunu pozanların qarşısını alınar”.
IREX nümayəndəsi Tural Məmmədzadə Lənkəranda vətəndaş iştirakı ilə bağlı işlər görmək, vətəndaşların təşəbbüsünü artırmaq məqsədilə Lənkəran əhalisindən ibarət icma nümayəndəliyi yaradılmasını və konkret müraciətlər edilməsini bildirib. “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası  İctimai Birliyinin sədri Afiq Məlikov isə bildirib ki,  hər şey seçkilərdən asılıdır: “Bir ölkənin rifahı ancaq seçkilərdən aslıdır. Seçkilərdə baş verən saxtakarlıqların qarşısını almaq üçün 2 yol mövcuddur. Ya seçkiləri boykot etmək, ya da kütləvi şəkildə seçkilərə getmək. Yalnız bu zaman saxtakarlıqların qarşısını almaq olar”.

Beyləqanda keçirilən forumda da vətəndaşlar içməli su problemi, işsizlik, təhsil sahəsində problemlərin olduğunu və bələdiyyələrin bu problemlərin həllində heç bir iş görmədiyini bildiriblər. “Problemlə bağlı müraciət etdikdə isə deyirlər ki, material alın, pul verin, düzəldək” – deyə Musavat partiyasının nümayəndəsi Vaqif Allahverdiyev bildirib. O, idarəetmədə iştirakı möhkəmləndirmək, yerli problemləri həll etmək, müraciətlər etmək məqsədilə icma yaradılması təklifini dəstəkləyib. Forum iştirakçıları bildirib ki, yerli icmaların inkişaf etdirilməsi və problemlərin KİV vasitəsilə işıqlandırılmasına ehtiyac var.
Forumda  regionda fəaliyyət göstərən QHT-lər, Siyasi partiyaların nümayəndələri, gənclər təşkilatları nümayəndələri, yerli KİV nümayəndələri, müəllimlər, könüllülər, tələbələr və digər fəal vətəndaşlar iştirak edib.

Xatırladaq ki, Lənkəranda keçirilən forumda “Yerli İcra Hakimiyyətlərinin idarəetmədə şəffaflığı” mövzusunda məruzə etmək üçün yerli icra hakimiyyətinə, həmçinin bu mövzuda müvafiq olaraq bələdiyyəyə dəvət göndərilsə də, heç bir cavab verilməyib. Müvafiq olaraq, Beyləqan Şəhər İcra Hakimiyyətinə və  bələdiyyəyə də dəvət məktubu göndərilib. Bələdiyyədən forumda iştirak etmək üçün nümayəndə göndərəcəklərini bildiriblər, lakin forum zamanı bələdiyyədən heç bir nümayəndə forumda  iştirak etməyib.

SMDT Media və İctimaiyyətlə Əlaqələr Departamenti