SMDT Naxçıvanda uzunmüddətli müşahidəçilər üçün təlim keçirib

133

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Naxçıvan şəhərində  7 noyabr parlament seçkiləri ilə bağlı uzunmüddətli müşahidəçi olmaq istəyən vətəndaşlar üçün təlim keçirib. Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunan təlimdə iştirakçılar uzunmüddətli müşahidəçiliyin aparılması, strukturu, hüquqi bazası, namizədlərin qeydiyyatı, imzatoplama prosesi, seçki komissiyalarının fəaliyyəti barədə məlumatlandırılıb.

SMDT indiyədək Bakı, Gəncə, Sumqayıt, Göyçay, Mingəçevir, Beyləqan, Lənkaran, Xaçmaz, Şəki, Sabirabad rayonlarında 80 uzunmüddətli müşahidəçi üçün 12 təlim keçirib.

Təlimlərin başlıca məqsədi vətəndaşların seçki prosesinə cəlb olunması yolu ilə seçkilər üzərində vətəndaş nəzarətinin yaradılması və seçki kampaniyası dövründə müşahidəçiliyin təşkilidir.

Ümumilikdə, təşkilat seçki prosesini müşahidə etmək üçün Azərbaycanın 11 regionunda 125 seçki dairəsini əhatə etməklə 80 nəfər uzunmüddətli müşahidəçi ilə əməkdaşlıq edəcək.

Qeyd edək ki, SMDT həmçinin vətəndaşlara seçki komissiyalarında müşahidəçi kimi qeydiyyatdan keçmələri üçün hüquqi-texniki yardım edir.

Təlimdə Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karolin Broun və səfirliyin əməkdaşları da iştirak edib.

7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkiləri ilə bağlı SMDT-nin başlıca hədəfi vətəndaşların seçki prosesinə cəlb olunması yolu ilə, seçkilərin milli qanunvericilik və beynəlxalq standartlara uyğun və seçicilərin iradəsini əks etdirən qaydada təşkilinə yardım etməkdir.