SMDT-nin Azərbaycanda insan hüquqları ilə bağlı aralıq hesabatı BMT-nin rəsmi saytında dərc olunub

53

Azərbaycan 2018-ci il müvafiq proseslər zamanı sərbəst toplaşmaq və birləşmək, o cümlədən vətəndaşların dövlət işlərində iştirak və seçib seçilmək hüquqları ilə bağlı 4 ölkənin məsləhətləri ilə razılaşaraq onların icrasını dördüncü tsiklin sonunadək yerinə yetirməyi öhdəlik olaraq üzərinə götürüb. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Universal Dövri Hesabatın üçüncü tsiklinin yekunları çərçivəsində 2018-ci ildə üzərinə götürdüyü öhdəliklərin icrası səviyyəsi ilə bağlı aralıq hesabatı hazırlayıb. Aralıq hesabat BMT-nin İnsan Haqları Müvəkkilinin rəsmi saytında Azərbaycana dair hesabatlar hissəsində dərc olunub

Hesabatda 2018-ci ildən sonra Azərbaycanda adıkeçən hüquqlarla bağlı atılmış hüquqi və inzibati addımlar və onların effektivliyi analiz olunub, qanunvericilik və təcrübədə mövcud problemlərə toxunulub və cari vəziyyətdə insan hüquqlarının daha yaxşı qorunması üçün hökumətə konkret tövsiyələr verilib.

Sənəddə qeyd olunur ki, Azərbaycanda sərbəst toplaşmaq və birləşmək, dövlət işlərində iştirak, seçib-seçilmək və o cümlədən bu hüququn reallaşması üçün əhəmiyyətli xarakter daşıyan ifadə azadlığı ilə bağlı vəziyyət ürəkaçan vəziyyətdə deyil.

Belə ki, ölkədə sərbəst yığıncaqların təşkili praktiki olaraq qadağan olunmuş vəziyyətdədir, müvafiq icra orqanları qanunları yanlış şərh edərək bu hüququ məhdudlaşdıra bilir. QHT-lərin fəaliyyəti tənzimləyən qanunlar da 2013-14 və 2016-17-ci illərdə qəbul edilmiş dəyişikliklərdən sonra məhdudlaşdırıcı xarakter alıb və faktiki olaraq müstəqil QHT-lərin fəaliyyətini mümkünsüzə yaxın edib.

Bundan başqa 2018-ci ildən sonra keçirilmiş 23 Dekabr 2019 və 9 Fevral 2020-ci il də keçirilmiş bələdiyyə və növbədənkənar parlament seçkilərindən də bəhs edən hesabatda o da vurğulanır ki, bu seçkilərin təşkili və seçki günü zamanı yolverilən ənənəvi qanun pozuntuları və cəzasızlıq mühiti dövlət işlərində iştirak və seçib-seçilmək hüquqlarını da hədə altında qoyub.

Həmçinin Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə baxmayaraq adıkeçən hüquqların qorunması yönündə nəzərəçarpan hüquqi və inzibati addımları atmaması, atılan addımların mövcud köklü problemlərin həllində əhəmiyyətsiz qalması da sənəddə yer alıb. Sənəd sonda Azərbaycan hökumətini müvafiq olaraq QHT qanunvericiliyini yumşaltmağa, sərbəst toplaşmaq azadlığı ilə bağlı qanunun praktikasında qanunsuz meylləri aradan qaldırmağa, ATƏT və Venesiya Komissiyasının və o cümlədən SMDT-nin Seçki Məcəlləsinə təklif etdiyi dəyişiklikləri qəbul etməyə çağırıb.

Universal Dövri Hesabat prosesləri BMT insan hüquqları şurasının təşəbbüsü ilə 5 ildən bir keçirilən dinləmə prosesləridir. Belə ki, hər 5 illik tsikl zamanı ölkələr rotasiya qaydasında insan hüquqlarının vəziyyəti ilə bağlı ümumi yığıncaqlarda hesabat verir və digər ölkələrdən müvafiq məsləhətləri qəbul edərək onlara reaksiya verir. Son dinləmə prosesləri 2018-ci ildə keçirilib. Müvafiq olaraq Azərbaycan BMT İnsan Hüquqları Şurasının 2023-cü ilin Oktyabr-Noyabr aylarında keçiriləcək 44-cü sessiyasında yenidən hesabatla çıxış edəcək.

Hesabatla ətraflı buradan tanış olmaq olar