SMDT-nin təcrübəsindən yararlan müşahidəçilər üçün davranış qaydaları sənədi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin

təcrübəsindən yararlan müşahidəçilər üçün

Davranış Qaydaları

 Sənədi

 

 

Müşahidəçilərin hüquqları

Aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşları seçkilərdə müşahidəçi qismində çıxış edə bilərlər. Seçki Məcəlləsinə əsasən müşahidəçilərin aşağıdakı hüquqları var:

  • seçici siyahıları ilə tanış olmaq;
  • səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq;
  • seçicilərə seçki bülletenlərinin verilməsini müşahidə etmək;
  • səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək;
  • seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək;
  • müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək;
  • müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən məsafədən seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədi ilə baxmaq, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında seçki komissiyasının protokolu və digər sənədlərlə tanış olmaq;
  • səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək;
  • seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının kilidləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq (müşahidəçinin tələbi ilə seçki komissiyası adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir), səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq;
  • müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək;
  • seçki sənədlərinin dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına göndərilməsini müşahidə etmək.

SMDT seçki prosesinin müşahidəsi üzrə aşağıdakı prinsipləri əsas tutur:

 

  • Qərəsizlik
  • Tərəfsizlik
  • Çeviklik
  • Cavabdehlik
  • Məsuliyyətlilik
  • Dəqiqlik
  • Peşəkarlıq

SMDT-in təcrübəsindən yararlanacaq müşahidəçilər üçün tələblər:

SMDT ilə əməkdaşlıq edən müşahidəçilərin hər zaman bitərəf olması mühümdür. Bu baxımdan müşahidəçilər səsvermə günü, ondan əvvəl və seçkinin ilkin nəticələri açaıqlanan müddətədək heç bir siyasi fəaliyyətə qoşulmamalıdır.

Müşahidəçi seçki məntəqəsində bütün siyasi partiyalar və namizədlərin nümayəndələri ilə eyni səviyyədə  qarşılıqlı əlaqədə olmalı, səsvermənin nəticələrinə dair və yaxud hər hansı namizədin xeyrinə heç bir fikir səsləndirməməlidir.

Müşahidəçi obyektiv olmalı və seçki məntəqəsində müşahidə etdiklərini qeyd etməlidir. Əgər hər hansı problem qeydə alınmayıbsa, o zaman hər hansı qanun pozuntusu barədə fikir bildirməməlidir.

Seçki məntəqəsində səslərin sayılmasını müşahidə edərkən hər bir namizədin topladığı səsləri dəqiqliklə qeydə almalıdır.

 SMDT-in təcrübəsindən yararlanacaq müşahidəçilər üçün seçki günü davranış qaydaları:

 SMDT ilə əməkdaşlıq edən müşahidəçilər seçki günü öz bitərəf imicini qorumaq, öz fəaliyyətlərinin obyektivliyinə xələl gətirməmək və seçki komissiyaları ilə müsbət ünsiyyət qurmaq üçün aşağıdakı tələblərə əməl etməlidirlər:

  • Seçki məntəqəsinə çatdıqda özünü Məntəqə Seçki Komissiyasının rəsmisinə təqdim etmək;
  • Seçki məntəqəsi və ya Dairə Seçki Komissiyasının binasına daxil olarkən müşahidəçilər seçki komissiyası tərəfindən verilmiş xüsusi lövhəcik və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməyi unutmamalıdırlar;
  • Seçki məntəqəsini tərk etmədən seçki məntəqəsinin açılışı, səsvermə, seçki məntəqəsinin bağlanması və səslərin sayılması proseslərini müşahidə etmək;
  • Hər hansı qanun pozuntusuna rast gəldikdə Qanun pozuntusu haqqında akt hazırlamaq;
  • Seçki komissiyasının üzvləri, namizədlərin nümayəndələri və digər seçki iştirakçıları ilə söhbət, müzakirə və mübahisə zamanı nəzakətli olmalı, təcrübəli və özünü peşəkar kimi aparmalıdırlar;
  • Müşahidə zamanı dəqiqləşdirilmiş və həqiqi faktlara əsaslanmalıdırlar;
  • Geyimində və ya üstündə hər hansı partiya, siyasi blok və namizədə məxsus simvollar və ya nişan olmalı deyil;
  • Səsvermə və yaxud səslərin sayılması zamanı seçki prosesinə müdaxilə etməməli, ancaq müşahidə etdikləri hər hansı qanun pozuntusu barədə komissiyaya təklif və ya iradla çıxış edə bilərlər. Əgər onların təklif və ya iradı nəzərə alınmazsa, buna görə seçki komissyiası üzvləri ilə mübahisə etməməlidirlər.
  • Müşahidənin nəticələrinə dair akt və hesabatlarda müşahidə olunmuş çatışmamazlıqlar və qanun pozuntuları ilə yanaşı müsbət hallar və əvvəlki seçkilər ilə müqayisədə mütərəqqi dəyişiklikləri qeyd etmək lazımdır;
  • Əldə olunmuş məxfi və ya anonim məlumatlar diqqətlə araşdırılmalı və dəlillər ciddi səciyyə daşıdıqda təqdim olunmalıdır;
  • Seçki prosesini izləyərkən dəqiqləşdirməyə çalışmalıdırlar – seçki komissiyasının üzvləri qanun pozuntularına yol verərkən bunu qanunu bilməməzlikdən, yoxsa bilərəkdən törədirlər;
  • Beynəlxalq müşahidəçilərə xüsusi münasibət nümayiş etdirməməli, onlarla da digər müşahidəçilərlə olduğu kimi ünsiyyət qurulmalıdır;

SMDT müşahidəçilərə aşağıdakı hərəkətləri tövsiyə etmir:

 Səsvermə, səslərin sayılması və hesablanmasının qanuni qaydalarına müdaxilə etmək;

  • Hər hansı bir siyasi partiya, seçki bloku və ya namizədin qalibiyyəti və məğlubiyyəti üçün tərəfdarlıq nümayiş etdirmək;
  • Hər hansı namizədə aid olan materiallar və ya geyim nümayiş etdirmək;
  • Hər hansı seçiciyə təsir göstərmək;
  • Seçicilərdən kimə səs verəcəklərini və ya kimə səs verdiklərini soruşmaq;
  • Səsvermənin nəticələri ilə bağlı fikirlər səsləndirmək;
  • Spirtli içkilər və yaxud narkotik maddələrdən istifadə etmək;
  • Media təmsilçilərinə açıqlama vermək;

 Müşahidəçilər unutmamalıdır ki, onlar seçki məntəqəsində mübahisə və ya qalmaqal yaratmaq üçün deyil, müşahidə etmək üçün fəaliyyət göstərirlər!

 Bakı, Azərbaycan                                                                      1 dekabr 2008-ci il