SMDT sədri Anar Məmmədli 22 siyasi partiya liderinə müraciət edib

135

Oktyabrın 15-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli 7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək 22 siyasi partiya liderinə müraciət edib.

Müraciətdə SMDT-nin hazırkı parlament seçkilərində iştirak edən siyasi partiyalar  və deputatlığa namizədlər üçün Davranış Qaydaları Toplusu hazırladığı bildirilir. Qeyd edək ki, siyasi partiyalar, seçki blokları (onların təsisçiləri) və müstəqil namizədlərə təqdim edilən bu sənəd qanunun aliliyi, namizədlər üçün bərabər imkanları, azad və ədalətli seçkiləri təbliğ edir.

A.Məmmədli partiya rəhbərlərinə müraciətində onlardan bu sənədi öz üzvləri və deputatlığa namizədləri arasında təbliğ etməsi və imzalanmasına dəvət edilməsi xahiş olunur. Bununla bağlı A.Məmmədli bildirib: “Bu sənədi bütün deputatlığa namizədlər, o cümlədən siyasi mənsubiyyəti olmayan namizədlər imzalaya bilər və bu sənədi imzalayan şəxslərin siyahı seçki gününədək açıqlanacaq.”

Müraciətdə həmçinin SMDT-nin siyasi partiyaları təmsil edən deputatlığa namizədlərin seçki günü müşahidəçilik fəaliyyətinin təkmilləşdirilməsi yönündə 4 bölgədə 10 seminar keçirəcəyi və bu tədbirlərdə siyasi partiya nümayəndələrinin iştirakı təklif edilir. Bu seminarlarda əsasən yerli müşahidəçiliyin əhəmiyyəti, təşkili qaydaları, əvvəlki seçkilərin təcrübəsi və seçki günü müşahidəçiliyin strukturuna dair məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, SMDT hər seçki bloku və ya siyasi partiyadan 3-5 nəfər olmaqla ümumilikdə 200 nəfərin Bakı, Gəncə, Sumqayıt və Göyçay bölgələrində keçiriləcək seminarlarda iştirakını təmin edəcək.

SMDT Media və İctimai Əlaqələr Departamenti